20.12.2022 – ci il tarixində Gəncə Tibb Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polkovnik leytenant Babək Sadıqov, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) rəis müavini, polis polkovniki Əhməd Cəlilov iştirak edirdilər.
Tədbiri ilk olaraq kollecimizin direktoru Mehman Rzayev açaraq, gələn qonaqları, həkim – müəllim heyətini və tələbələri salamlayaraq tədbiri açıq elan etdi.
Mehman Rzayev öz çıxışında bildirdi ki, ” Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər” deyə qeyd etdi.
Daha sonra tədbirdə çıxış edənlər, narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Gəncə şəhərində görülən işlərdən, həyata keçirilən tədbirlərdən bəhs edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlardan söz açıblar.
Xüsusilə, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici tədbirlərin davamlı təşkilinin zəruriliyini qeyd ediblər.