Dekabrın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-lə birgə təşkil etdiyi “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu”nun açılış mərasimi keçirilib.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və beş həkim - müəllimimiz, 11-14 dekabr 2022-ci il tarixlərində keçirilən “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu”nda iştirak etmişlər.
Simpoziumun məqsədi dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri bölüşmək, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etmək olmuşdur.
Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri” (12 dekabr), “Tibb bacısı və mamalıq təhsili” (13 dekabr) və “Liderlik” (14 dekabr) mövzularında 3 panel müzakirəsi keçirilmişdir. Həmçinin, on iki mövzuda müxtəlif forum və təlim kursları da baş tutmuşdur.
Bu tədbirin keçirilməsi, tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsinin genişləndirilməsinə, eləcə də yerli, regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcək.