Gəncə Tibb Kollecində dünya poeziyasının bənzərsiz bayraqdarı olan dahi şair, alim və mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş “təbabət bilicisi NİZAMİ GƏNCƏVİ və müasir tibb" adlı tədbir keçirilmişdir.
Tədbirdə Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev, tələbələr, həkim- müəllim heyəti ilə yanaşı, pedaqoji elmlər üzrə Fəlsəfə doktoru dosent Tağıyeva Aləmzər, Gəncə Dövlət Universitetinin professoru Sadıqov Həsənbala, pedaqoq, nizamişünas alim, şair Apoyev Bayram qonaq qismində iştirak edirdilər.
Bildiyimiz kimi, Nizami yaradıcılığı bəşəri əhəmiyyətə malikdir. Lev Klimoviç Nizami yaradıcılığının bəşəri əhəmiyyətinə belə qiymət verir:" Nizaminin təkcə öz xalq ədəbiyyatına və ictimai fikrinə deyil, habelə bütün bəşəriyyətin bədii ədəbiyyatına və ictimai fikrinə hədiyyəsi böyükdür” demişdir. Hələ orta əsrlərdə Nizami həm Azərbaycanda, həm də onun sərhədlərindən xeyli uzaqlarda ədəbiyyatın inkişafına mütərəqqi təsir göstərmişdir. Bütün dövrlərin görkəmli mütəfəkkirləri onun yaradıcılıq dühasını yüksək qiymətləndirmiş, Nizaminin 5 poemasını möcüzə, beş inci adlandırmışlar.
Nizami Gəncəvi təbiətin inkişafını vəhdətdə görməklə materiyada gedən prosesləri, kainatın yaranması, enerjinin saxlanması, ümumdünya cazibə qanunu,tibb elmi, işıq və səs hadisələri, istilik və elektrikə dair fikir söyləməkdə öz dövrünün alimlərini xeyli qabaqlamışdı.
Onu da qeyd etmək lazımdır ki, 12-ci əsr Azərbaycan xalqının mədəniyyət tarixində "Qızıl əsr" adlandırılır.
Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev gələn qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Mehman Rzayev çıxış edərək, “Anadan olduğu Gəncə şəhərini heç vaxt tərk etməyən böyük mütəfəkkir sülh, ədalət, humanizm, azadlıq və bərabərlik, yüksək əxlaq, qadın hüquqları kimi bəşəri dəyərləri təbliğ edirdi. Müasir dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası 12-ci əsrdə yaşamış Nizaminin əsərlərində öz əksini tapmışdır. Nəzərə alsaq ki, Avropada gender bərabərliyi ilə bağlı hərəkatlar əsasən 19-cu əsrin sonlarında başlayır, bu da əsas verir ki, Nizami Gəncəvinin nə qədər dahi bir şəxs olduğunu sübut etməyə ehtiyac yoxdur” deyə qeyd etdi.
Daha sonra, Gəncə Dövlət Universitetinin professoru, Həsənbala Sadıqov və nizamişünas alim, şair Bayram Apoyev çıxışlarında “Nizami Gəncəvinin Azərbaycanın türk və fars dilində yazan bənzərsiz oğlu “olduğunu bildirdilər. Onlar “dünya ədəbiyyatında elə bir şair, yazıçı yoxdur ki, doğma xalqının adət-ənənələrinə sadiq qalaraq yeri gəldikcə bu qədər zərb məsələləri, müdrik kəlamları öz əsərlərində işlədə bilsin. Bu faktlar bir daha sübut edir ki, Nizami Gəncəvi azərbaycan xalqının müdrik, elmli əvəzsiz incisidir” deyə qeyd etdilər.
Nizami öz humanist görüşləri və bəşəri ideyaları ilə həm də bizim müasirimizdir. Mübaliğəsiz demək olar ki, dahi sənətkarın əsərləri bütün dövrlərdə olduğu kimi bu gün də olduqca müasirdir, təravətlidir. Onun əsərləri bütün nəsillərin mənəvi tələbatını ödəyən, hər dəfə oxunduqca insanın cəmiyyətə baxışlarının daha da zənginləşdirən bədii sənət möcüzəsidir.
Təkcə klassik Azərbaycan ədəbiyyatı deyil, bütünlüklə orta əsrlər Şərq epik poeziyası məhz Nizami "Xəmsə" sinin sayəsində öz mövzu və sənətkarlıq dairəsini xeyli genişləndirmişdir.
Əsərlərinin mövzu dairəsi Yunanistandan tutmuş Hindistana qədər əraziləri əhatə edən, qəhrəmanlarının Avropanın, Afrikanın, Asiyanın bir sıra xalqlarını təmsil edən Nizami poeziyası həm forma, həm də məzmun baxımından çox zəngin və genişdir. O, sırf Azərbaycan şairi olduğu qədər də beynəlmiləl şairdir. Biz xoşbəxt xalqıq ki, Nizami kimi, bir dühanın sahibiyik.
Sonda bir vaxtlar kollecimizdə təhsil almış, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyevanın təhsil aldığı müddətdə tələbə yoldaşları ilə çəkdirdiyi fotoşəkillərdən ibarət qısa videoçarx nümayiş olundu. Aləmzər xanım, bunun onun üçün surpriz olduğunu və sevinc hissləri keçirdiyini qeyd etdi.
Tədbirdən sonra, gələn qonaqlar keçirilən tədbirə və kollecdə yaradılan şəraitə görə çox sevinc və qurur hissi duyduqlarını bildirdilər.