GƏNCƏ TİBB KOLLECİ

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür


Post Image

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.     

QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini  bu problemlə mübarizədə bir araya gətirməkdir.

Bu məqsədlə Gəncə Tibb Kollecində 1 dekabr - ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar, "Sağlam ol, gələcəyini düşün" adlı maarifləndirici  tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim, Mehman Rzayev açaraq tədbir iştirakçılarını salamladı. O, qeyd etdi ki, “QİÇS deyilən xəstəlik  artıq bütün dünyanı caynağına alan bəlaya çevrilib. Bu xəstəliyin çox qədim tarixi olmasına baxmayaraq, əslində keçən əsrin 80-ci illərindən başlayaraq kütləvi şəkil almışdır. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə bu virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. Burada epidemiya əsasən yüksək risk qrupuna aid olan infeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb”deyə vurğuladı.

Daha sonra çıxış edənlər öz çıxışlarında qeyd etdilər ki, QİÇS(spid) Qazanılmış İmmun Çatışmazlığı sindromu xəstəliyidir. O, insan immunçatışmazlığı virusu HİV ilə yoluxması nəticəsində əmələ gəlir. Bu virus əsasən insanın xəstəliklərə müqavimətini təmin edən immun sistemini zədələyir. Nəticədə bu virusa  yoluxan şəxsin bir müddət sonra  bütün xəstəliklərə qarşı müqaviməti zəifləyir. Müəyyən müddətdən sonra isə virus insan orqanızminin müqavimətini tam məhv edir və o ən adi mikroorqanizmlər və bədxassəli şişlər qarşısında belə aciz qalır. Bu xəstəliyin yaş həddi yoxdur. Xəstəliyə yoluxmamaq üçün hər bir  insan məlumatlı olmalıdır. Tibbi alətlərdən istifadə zamanı, qan köçürülməsi zamanı, diş fırçası və üzqırxanlardan istifadə edərkən  və xüsusən də qadınlar gözəllik salonlarında diqqətli və ehtiyatlı olmalıdır.
 

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olundu.

Tədbirdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə mübarizə Mərkəzinin Gəncə Regional lobarotoriyasının heyəti tərəfindən kollecin tələbələri və bir qrup həkim –müəllimləri müayinədən keçdilər.

 

01.12.2022  [ 18:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024