Gəncədə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib. Gəncə Tibb Kollecinin kollektivi Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələrinin ildönümü ilə əlaqədar keçirilən həmin tədbirdə iştirak ediblər.
20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.
Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.
Daha sonra 20 Yanvar faciəsinin 33-cü ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. Rəsmi məlumatlara görə Sovet ordusunun həmin gecə Bakıda törətdiyi qırğın nəticəsində 131 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərində, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır.