GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Qanlı Yanvar faciəsi silsilə tədbirlərlə anıldı


Post Image

Gəncə Tibb Kollecində Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Dekabrın 17-də kollecdə faciənin 33-cü ildönümü ilə əlaqədar xüsusi dərs keçirilib. Tələbələrin diqqətinə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Tələbələr 20 Yanvar hadisələri və həmin çətin günlərdə həkimlərin və tibb işçilərinin fədakar əməyindən bəhs edən video roliki izləyiblər.

Qanlı 20 Yanvar hadisələri Gəncə Tibb Kollecində dəyirmi masada da müzakirə olunub. Tələbələr 1990-cı ildə Azərbaycan xalqına qarşı qətliam törədən, əli silahsız dinc əhaliyə qarşı atəş açaraq, onların üzərinə ağır hərbi texnika yeridərək onları qətlə yetirmələrini qəti şəkildə pisləyiblər. Müzakirələr zamanı o da vurğulanıb ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Tələbələr həmin ağır və çətin dövrdə, ölkəmizin informasiya blokadasında olduğu bir zamanda Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevin həyatını təhlükəyə  ataraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmasını dahi şəxsiyyətin cəsarətli və vətəninə böyük məhəbbətinin təcəssümü kimi qiymətləndirdilər. Dəyirmi masada vurğulandı ki, Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar Gəncə Tibb Kollecində bədii-ədəbi kompozisiya proqramı hazırlanmışdı. Burada tələbələr şerlər və teatrlaşdırılmış səhnələrdə həmin müdhiş gecənin acılarını və dəhşətlərini diqqətə çatdıqmağa çalışıblar.

19.01.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024