Yanvarın 18-də Gəncə Tibb Kollecində Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar toplantı keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və torpaqlarının azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bur dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev 20 Yanvarın Azərbaycanın müstəqilllik tarixində vacib və önəmli bir hadisə olduğunu vurğuladı:
“Həmin günlər mənim həyatımda ən ağır anlardan biridir. Biz orta nəsil həmin dəhşətli anları yaşadıq və şahidi olduq. 1987-ci ilin sonlarında ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə Azərbaycanda xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı. Həmin dövrdə ölkəmizdə gedən proseslərin müstəqillik yolunda vacib bir addım atacağından qorxan, erməniləri dəstəkləyən sovet rejimi Azərbaycana ordu yeridilməsinə, silahsız və dinc haqqını tələb edən insanları güllə baran etdi. Ağır texnika yeridilən Bakıda əsl qətliam baş verdi. 100-lər soydaşımız sovet şovinizminin qurbanı oldu” deyən M. Rzayev həmin dövrü xatırlatdı.Kollecin direktoru vurğuladı ki, o zaman hər tərəfli blokadada olan Azərbaycan haqq səsini dünyaya çatdırmaqda, dinc xalqın sovet ordusu tərəfindən qətlə yetirilməsi, uşaqların, böyüklərin, cavanların güllə baran edilməsi xəbərini beynəlxalq ictimaiyyətə ötürməkdə çətinlik çəkdiyi bir dövrdə, həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, Azərbaycana böyük məhəbbətini və xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi” deyə kollecin direktoru əlavə edib.
Sonra çıxış edən natiqlər də 33 il əvvəl xalqımızın sovet ordusu tərəfindən qətlə yetirmələrindən, Qanlı yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən danışdılar.
Sonda “Qanlı Yanvar faciəsi şərəfli tarix yaddaşımızdır” adlı video çarx nümayiş olundu.