Gəncə Tibb Kollecində Xocalı soyqırımının 31 – ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı – XX əsrin faciəsi”adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının(YAP) Gəncə şəhər təşkilatının məsləhətçisi Afər Məmmədov, Gəncə Tibb Kollecinin həkim-müəllim və tələbə heyəti iştirak ediblər. Toplantını giriş sözü ilə açan kollecin direktor müavini Kəmalə İsmayılova bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. O vurğuladı ki,i Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Direktor müavini əlavə etdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Ali Baş komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük müharibədə ermənilərin darmadağın etdi, nahaq tökülən azərbaycanalıların qanı yerdə qalmadı, torpaqlarımızın azad olundu. İnanırıq ki, çox yaxın vaxtlarda Ali Baş komandanın qətiyyəti və apardığı uğurlu siyasəti, “Dəmir Yumruğu” sayəsində digər dədə-baba torpaqlarımız da geri alınacaq” deyə K. İsmayılova vurğulayıb.
Sonra çıxış edən Gəncə Tibb Kollecinin metodisti Gülşən Bağırova, Gəncə Tibb Kolleci Ərazi partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə də həmin dəhşətli tarixə bir daha nəzər salaraq bu qanlı faciənin xalqımızın yaddaşlarından heş zaman silinməyəcəyini bildirdilər. Qeyd olundu ki, bəşəriyyətin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsinə beynəlxalq qiymət verilməli, bu dəhşətləri törədənlər cəzalandırılmalıdırlar.
Tədbir “Xocalı soyqırımı – XX əsrin faciəsi”adlı video rolikin göstərilməsi ilə davam etdirildi.
Sonda kollecin tələbələri Xocalı faciəsi ilə bağlı əbədi-bədii kompozisiya nümayiş etdirdilər.