Gəncə Tibb Kollecində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan toplantıda Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azad olunmasında və soyqrımda həlak olan vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla davam etdi. Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev tarixi faktlara istinad edərək erməni daşnakları tərəfindən ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən danışdı.
“Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən erməni daşnakları zaman-zaman xalqımızı soyqırıma məruz qoyublar. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı çox sayda şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir. Bu bir tarixdir, yaddan çıxmayan, silinməyən tarix. Bizdən əvvəlki nəsillərdə, biz də, bizdən sonrakı nəsillərdə bu qanlı tarixi unutmayacaqlar” deyə kollecin direktoru əlavə edib.
M. Rzayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Sonra çıxış edənlər onu vurğulayıblar ki, təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə 31 Mart – Azərbaycanlıların soyqırımına həsr olunan video çarxlar nümayiş olunub, kollecin tələbələrinin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.