Bu gün, aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi aradan qaldırıldı.
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdı və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoydu. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
“Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bu, Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını itirməyib. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Görkəmli alim özünün çoxillik fəaliyyəti dövründə neçə - neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu.
Cəmiyyətin həyatında fəal rol oynayan, zərif qəlbə və böyük nəcibliyə malik Zərifə xanım ailəsinə də son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Bu gün əsl Azərbaycanı xanımı obrazını özündə birləşdirən Zərifə xanımın böyüdüb böya-başa çatdırdığı siyasi liderimiz İlham Əliyev ailəsinin, valideynlərinin ona verdikləri Vətən sevgisini öz qəlbində yaşadır.
Böyük dövlət xadimi Əziz Əliyevin qızı, müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızım Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin anası Zərifə xanım Əliyeva layiqli övlad, vəfalı ömür-gün yoldaşı, yaxşı ana, missiyanı şərəflə yerinə yetirib.
Görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyeva daim qəlblərimizdə yaşayacaq, düşüncələrdə daim xatırlanaraq xöş hisslərlə anılacaqdır.