GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Zərifə Əliyeva - Ümummilli Liderin böyük sevgisi ” adlı konfrans keçirildi


Post Image

Gəncə Tibb Kollecində oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhvələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə “Zərifə Əliyeva - Ümummilli Liderin böyük sevgisi ” adlı konfrans keçirilib. Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül qoydular, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Sonra tədbir kollecin akt zalında davam etdirildi. Toplantıda kollecin direktoru, əməkdar həkim Mehman Rzayev, Yeni Azərbaycan Partiyasının Gəncə Təşkilatının sədr müavini Nürəddin İbrahimov, kollecin həkim-müəllim kollektivi, tələbələr iştirak edirdi. Konfrans Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Sonra Ümummilli lider Heydər Əliyevin, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.

“Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşib. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb”. Bu fikirləri Gəncə Tibb Kollecində görkəmli alim, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunan tədbirdə kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev söyləyib. O qeyd edib ki, böyük alimin illər öncə söylədiyi "Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır" fikri bu gün də olduqca aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır. M.Rzayev həmçinin, Zərifə xanım Əliyevanın gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Direktor qeyd edib ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olub.

Sonra görkəmli alim, Zərifə Əliyevanın həyat və fəaliyyətində bəhs edən sənədli film nümayiş olundu.

“Zərifə  xanım eyni  zamanda, müasir, müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, bütün  mənalı  ömrünü  Vətəninin  və  xalqının  tərəqqisinə  həsr  etmiş  dahi  şəxsiyyətin – Ümummilli  Lider  Heydər  Əliyevin  vəfalı  ömür – gün  yoldaşı, sədaqətli  dostu  və  etibarlı  silahdaşı  olub. Dahi şəxsiyyət dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Zərifə xanımın onu həyatında rolu çox böyükdür və  bir siyasi rəhbər kimi daim Heydər Əliyevi dəstəkləyib”. Bu fikirlər konfransda çıxışlar zamanı səsləndirilib. Sonra “Unudulmaz Ümummülli Lider Heydər Əliyevin Zərifə xanıma haqqında səmimi söhbəti” adlı müsahibəsi nümayiş olunub.

Tədbirdə digər çıxış edənlər də Zərifə  xanımın həyat və fəaliyyətindən əsas məqamları xatırlayaraq qeyd ediblər ki, görkəmli alim  özünün  çoxillik  fəaliyyəti  dövründə  neçə - neçə  gözə  şəfa  bəxş  etmiş, ən  ağır, mürəkkəb  əməliyyatlar  aparmış, görmə  qabiliyyəti  zəif  olanların, yaxud  tamamilə  görməyənlərin  qaranlıq  dünyasını  işıqlandırmışdı. Bu  işdə  ona  təkcə  biliyi, savadı  və  səriştəsi  deyil, həm  də  gendən  və  böyüdüyü  ailədən  irəli  gələn  yüksək  keyfiyyətləri  dəstək  olurdu.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə Təşkilatının sədr müavini Nürəddin İbrahimov qeyd etdi ki, cəmiyyətin  həyatında  fəal  rol  oynayan, zərif qəlbə və böyük nəcibliyə malik Zərifə  xanım  ailəsinə də son  dərəcə  bağlı  bir  qadın, gözəl  ana  idi. Öz  analıq  missiyasını  sevdiyi  peşəsi  ilə  birləşdirən  bu  xanım bir  qadın, bir  alim  və  həkim  kimi  cəmiyyətin  inkişafına  xidmət  edirdi. Zərifə  xanım  analıq  vəzifəsinin  öhdəsindən  də  çox  gözəl  gəlmişdi. Bu gün əsl Azərbaycanlı xanım obrazını özündə birləşdirən Zərifə xanımın böyüdüb böya-başa çatdırdığı siyasi liderimiz İlham Əliyev ailəsinin, valideynlərinin ona verdikləri Vətən sevgisini öz qəlbində yaşadır:

“Böyük dövlət xadimi Əziz Əliyevin qızı, müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızım Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin anası Zərifə xanım Əliyeva layiqli övlad, vəfalı ömür-gün yoldaşı, yaxşı ana, missiyanı şərəflə yerinə yetirib” deyə N. İbrahimov fikrini tamamlayıb.

Kollecin tələbələrinin ifasında mahnılar, şerlər səsləndirildi, rəqslər tədbirə xüsusi maraq qatdı.

 

20.04.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024