GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin tələbələri “Sağlam həyat tərzini vərdişə çevir” mövzusunda tədbirdə iştirak edib


Post Image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı, Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Gənclərin asudə vaxtının təşkili” ilə bağlı “Sağlam həyat tərzini vərdişə çevir” mövzusunda tədbir keçirilib. Gəncə Tibb Kollecinin tələbələri də bu tədbirdə iştirak edib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov bildirib ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

Tədbirin aparıcısı kitabxana filialının müdiri Mirvari Cəfərova sağlam həyat tərzinin qaydaları haqqında ətraflı məlumat verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov öz çıxışında qeyd edib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, bugünkü, tədbirin əsas məqsədi gənc nəslin sağlam həyat tərzini dərk etmək, zərərli vərdişlərdən uzaq olaraq sağlamlıqlarının qayğısına qalmaqlarıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Gəncə Regional İdarəsinin rəisi, Cüdo Federasiyasının Qərb Regionu üzrə kuratoru Müzadil Həsənov, Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müdiri Asif Həsənov, 2016-ci ildə XV Yay Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov, Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov, alpinistlər Ramil Vəliyev və Turan Əhmədov gənclərə məşğul olduqları idman növlərinin faydaları haqqında məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Çıxışçılar gəncləri sağlam həyat tərzini vərdişə çevirməyə dəvət ediblər.

Tədbir diskussiya formasında keçib, gənclərin mövzu ətrafında sualları cavablandırılıb.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

12.04.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024