Gəncə Tibb Kollecinin rəhbərliyi və bir qrup həkim-müəllim heyəti Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin ev muzeyini ziyarət edib. Onlar muzeydə olan ədibin şəxsi əşyalarına, döş nişanlarınına, ailəsinə yazdığı məktublara və ona həsr edilmiş incəsənət nümunələrindən olan yağlı boya ilə işlənmiş portretlərə, tablolara, öz əsərlərinə, muzeyə hədiyyə edilmiş kitablara, qəzet məqalələrinə, ailə şəkilləri də daxil olan eksponatlara baxdıqdan sonra muzeydə olan xatirə dəftərinə öz ürək sözlərini qeyd ediblər.
Əməkdar həkim, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev Mir Cəlal Paşayev haqqında öz fikirlərini belə ifadə edib:
“1908-ci ildə Təbrizin Əndəbir kəndində dünyaya gələn Azərbaycan xalqının görkəmli oğlu yazıçı, şair, böyük ədəbiyyatşünas Mir Cəlal Paşayev 70 illik şərəfli ömrü azərbaycan xalqının ürəyində, qəlbində ən səmimi nümunəvi ziyalı kimi əbədi yaşayacaqdır! Gəncəlilər Mir Cəlal müəllimi həmişə böyük Gəncəli kimi xatırlayırlar. 54 əsərin müəllifi olan Mir Cəlal müəllimin yazdığı “Bir gəncin manifesti” əsəri Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biridir, məhz bu əsəri dahi yazıçı Gəncə şəhərində yazmışdır. Onun əziz xatirəsi bütün azərbaycan xalqının qəlbində daim- əbədi olaraq yaşayacaqdır!”.
Daha sonra Gəncə Tibb Kollecinin bir qrup həkim müəllimi xatirə dəftərində öz ürək sözlərini bölüşüblər:
“Bu ziyarət bizə çox xoş təəsüratlar bağışladı. Biz fəxr edirik ki, xalqımızın belə bir ədibi, ziyalısı var! O, həmişə Azərbaycan xalqının qəlblərində və yaddaşlarındadır. Biz onunla fəxr edirik”.
“Mir Cəlal Paşayev elə bir böyük yazıçıdır ki, orta məktəbdən öyrəndiyimiz əsərləri bu gün də bizim yadımızdadır. Böyük insan, güclü qələm sahibi, gözəl ata, ən əsası da odur ki, sevimli xalq yazıçısı! Deyilən hər bir kəlam bu insana yaraşır!”
“Azərbaycan ədəbiyyatının inciləri sırasına bir sıra qiymətli əsərlər bəxş edən, “Bir gəncin manifesti” ilə minlərlə gənci tərbiyə edən dahi ədibin ev muzeyində olmaq qədər qürurverici bir hiss yaşamaq qismət oldusa nə xoş bizə. Bu gün də əsərləri dillər əzbəri olan ədibə rəhmət diləyir nə yaxşı ki, qələminizin gücü ilə böyüyüb bəhrələmnmişik. Sizinlə fəxr edirik!”
“Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərini yazıb-yaradan, böyük bir ədəbiyyat səhifəsi yaratmış Mir Cəlal Paşayevin xatirəsi azərbaycan xalqı üçün daim əzizdir və bizlərin qəlbində daim yaşayacaqdır”.
Mir Cəlal Paşayevin Ev Muzeyinin Gəncə şəhərində olması heç də təsadüfi deyil. Ədib Cənubi Azərbaycanda anadan olsa da, kiçik yaşlarından Gəncəyə köçüb və burada yaşamışdır. O, ilk təhsilini bitirdikdən sonra, Gəncə Türk Pedaqoji Texnikumunda təhsil alıb. Paşayev Gәncәdə müəllim və mәktәb direktoru kimi fəaliyyət göstərmişdir. Görkəmli yazıçı həmişə bu şəhəri sevmiş və özünün doğma şəhəri bilmişdi. Muzey Mir Cəlal Paşayevin 100 illiyi ərəfəsində, 29 sentyabr 2007-ci ildə açılıb. Hal-hazırda muzeydə eksponatların sayı 350-dən çoxdur. Muzeydə ədibin Azərbaycan, rus, gürcü, ingilis, qırğız, ispan, rus dillərində həm seçilmiş əsərləri, həm də ayrıca kitab şəklində çap olunmuş hekayələri, romanları, povest və dərslikləri vardır.