GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin kollektivi “Heydər Əliyev – Gənclərin Zəngin İrs Mənbəyi” adlı konfransda iştirak edib


Post Image

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və Gəncə şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev – Gənclərin Zəngin İrs Mənbəyi” mövzusunda konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

  Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

  Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

  Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Adil Tağıyev ölkəmizdə gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsini, yüksək intellektə sahib olmalarını daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində qazanılan nailiyyətlərdən söz açıb.

  YAP Gəncə şəhər təşkilatının sədr müavini  Nurəddin İbrahimov Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. Bildirib ki, müasir Azərbaycanın xilası və müstəqil dövlət quruculuğu məhz Ulu Öndər      Heydər Əliyevin adı ilə bağlıdır. “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur”- deyə Nurəddin İbrahimov qeyd edib.

“Bu gün Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə aparılan köklü islahatlar, eləcə də Birinci vitse-prezident Mehriban xanın Əliyevanın bilavasitə diqqət və qayğısı gənclərimiz üçün çox geniş imkanlar açıb. Ulu Öndərimiz bizə müstəqil Azərbaycanı və zəngin mənəvi irs miras qoyub. Müasir Azərbaycan gənclərinin borcu bu mirası qorumaqdır. Bugünkü Azərbaycan gəncliyi yüksək təhsilə yiyələnməli, dövlətin layiqli vətəndaşı olmalıdırlar. Əminəm ki, Heydər Əliyevin zəngin mənəvi irsi Azərbaycan gəncliyini müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına və milli maraqlarının təmin olunmasına bundan sonra da ilhamlandıracaq”-deyə AMEA-nın Gəncə bölməsinin  akademik katibi, akademik Fuad Əliyev bildirib.

Dahi şəxsiyyətin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirən Gəncə Dövlət Universiteti, rektorun baş müşaviri Asif Cavadov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində Özünə möhtəşəm abidə ucaldaraq canlı əfsanəyə çevrilib.

Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib, Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən dövr sadəcə təqvim göstəricisi olmadığını qeyd edib:” Bu dövr Azərbaycan üçün yeni üfüqlər, yeni zirvələr deməkdir. Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub”.

   Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs təşəkkürnamə ilə təltif edilib. Onlar arasında Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev də var.

 

06.04.2023  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024