GƏNCƏ TİBB KOLLECİ

“Aprel döyüşləri”nin ildönümü Gəncə Tibb Kollecində qeyd olundu


Post Image

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində,  YAP Gəncə şəhər təşkilatının və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə 2016-cı ildə müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən,  44 günlük  Zəfərimizin əsasını qoyan Aprel döyüşlərinin yeddinci ildönümünə həsr edilən tədbir keçirilib.

   Tədbir Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Toplantını giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, əhəmiyyətindən, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışdı:

“Aprel döyüşkləri sübut etdi ki, Azərbaycan güclü dövlətdir və qüdrətli, hər tərəfli hazır ordusu var. Bu döyüşlərdə əsgər və zabitlərimiz, eləcə də bütöv xalqımız nümayiş etdirdi ki, ehtiyac yarandığı halda hamı Ali baş komandan İlham Əliyevin ətrafında birləşərək torpaqlarımızın azadlığı uğrunda düşmənlə sona qədər mübarizə aparmağa hazırdır. Düzdür biz bu bu müharibələrdə şəhidlər verdik, qəhrəman oğullarımızı itirdik. Onların ruhu qarşısında baş əyirik. Bu müharibələrdə heç nə xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu mübarizlik hissinin əsasını isə ümummilli lider Heydər Əliyev qoymuşdu. O hər zaman öz çıxışlarında xüsusi vurğulayırdı ki, vaxt gələcək Azərbaycan ordusu ən mübariz və hər tərəfli təminatlı bir ordu olacaq. Dahi şəxsiyyətin əsasını qoyduğu mübarizlik yolu ilə addımlayan Ali baş komandan İlham Əliyev isə həmin yolu davam edərək xalqı ətrafında birləşdirdi və işğalda olan torpaqlarımız azad olundu” deyə M. Rzayev əlavə edib.

  Gəncə Tibb Kollecinin direktoru vurğulayıb ki, məhz Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə on bir min hektarlıq ərazi azad olunub, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirilib, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə sarsıdıcı zərbələr vurulub.

  Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov Aprel döyüşlərinin tarixi ədalətin, zəfərin başlanğıcı olduğunu diqqətə çatdırıb:  “Aprel qələbəsi igid əsgərlərimizin hər zaman, istənilən anda Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdi. Dörd günlük şərəfli Aprel döyüşlərində güclü ordumuz əsl sücaət göstərərək Azərbaycan xalqının əldə etdiyi böyük qələbənin, Zəfərimizin əsasını qoydu. Bu gün də rəşadətli ordumuz hər an Ali baş komandanın əmrinə əsasən Qarabağda qalan əli silahlı erməni terrorçularının istənilən həmlələrinə cavab verməyə qadirdir” deyə N. İbrahimov bildirib.

  Sonra çıxış edən natiqlər də Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolundan danışaraq vurğuladılar ki, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bununla bütün dünyaya Azərbaycan Ordusunun gücü, qələbə əzmi sübut olunub.

  Sonda Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. Kollecin tələbələrinin hazırladığı “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

 

04.04.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024