Mayın 16-da Gəncə Tibb Kollecində “Tələbə Gənclər Təşkilatının” xətti ilə növbəti tədbir keçirilib. Bu toplantının mövzusu “Ünsiyyət mədəniyyəti” olub. Tədbirdə kollecin həkim-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edənlər ünsiyyətin zərurətdən yarandığını və ona tələbatın çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəldiyini vurğulayıblar. Qeyd olunub ki, ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi yaratmaqla məlumatın ötürülməsi və qəbul edilməsində iddialı tərəf kimi çıxış edir. Çıxışlar da o da vurğulanıb ki, ümumiyyətlə, ünsiyyət insanın dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur: insan ifadə edilə bildiyi qədər insandır. Ətrafdakı insanlarla ünsiyyətə görə hər kəs gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.
Tədbirdə gündə¬lik məişət həyatında, ictimai yerlərdə, oxuduğumuz və ya çalışdığımız məkanlarda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin, dolayı yolla nitqimizin gözəlliyini, zənginliyini, şirinliyini, ümumiyyətlə, danışıq mədəniyyətimizi nümayiş etdirməyin vacibliyi söylənildi.