10 May 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə Şəhər İcra Hakiiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə Tibb Kollecinin rəhbərliyi, kollektivi və tələbələri, digər idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri də qatılıblar. Konsert proqramını tanınmış aparıcı Lalə Azərtaş açıq elan edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, ökəmizi parçalanmaq təhlükəsindən xilas edərək, respublikamızın inkişafına möhkəm zəmin yaratmışdır. Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa ediblər. Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra Türkiyənin məşhur müğənnisi Rafet El Roman səhnəyə çıxıb. O, Gəncə sakinləri üçün öz repertuarında yer alan sevilən mahnılarını ifa edib. Türkiyəli müğənni konsertin sonunda sözləri Baba Vəziroğlu, musiqisi Kamala aid Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını təqdim edib. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda Ümummili Lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.