Gəncə Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev bildirib ki, ölkəmizdə xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, xalqın əbədi sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ildönümü təntənə ilə qeyd edilir. Milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycanın ən yeni tarixində müstəsna yer tutduğunu söyləyən M.Rzayev ümummilli liderin rəhbərlik etdiyi dövrləri bir daha yada salıb :
“Ulu Öndər Heydər Əliyev Azərbaycanın iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövründə respublikaya rəhbərlik etmişdir. Ümummilli lider 1969-1982-ci illərdə Azərbaycan SSR-a və 1993-2003-cü illərdə artıq müstəqil Azərbaycana rəhbərlik etmişdir. Birmənalı olaraq qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan hələ sovet dönəmində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş ittifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir iki dəfədən artmışdı. Azərbaycanda bütün sahələrin – sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, respublikanın intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər respublikaların nüfuzlu ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış , Azərbaycanın inkişafına dəyərli töh-fələr vermişlər” deyə Mehman Rzayev qeyd edib.
Kollecin direktoru bildirib ki, bu gün müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurların memarı məhz dahi şəxsiyyət Heydər Əliyevdir:
“Azərbaycan xalqı öz bilik və bacarığı, siyasi biliyi və uzaqgörənliyi ilə ölkəsinin xoşbəxt gələcəyi üçün yaşamış ümumilli liderini daim qəlblərdə böyük sevgi ilə anacaq və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ətrafinda sıx birləşərək dövlətimizi daha da xoş günlərə aparacaqlar” deyə kollecin direktoru əlavə edib.
Sonra çıxış edən Gəncə şəhər icra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bütün Azərbaycanda olduğu kimi Gəncə şəhərində də böyük, silsilə tədbirlərin keçirildiyini vurğuladı. Onun sözlərinə görə bu gün ölkəmizdə gedən davamlı iqtisadi və siyasi inkişafın təməlini ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qoyub:
“Bu gün ölkəmizdə hansı şəhər və rayona nəzər salsaq orada ümummilli liderin hakimiyyəti dövrlərində yaradılan müəssisələrə, zavod və fabriklərə rast gələ bilərik. Bu gün də dahi şəxsiyyətin vətən sevgisini qəlbində yaşadan, onun ölkənin inkişafı üçün atılmalı olan addımlarınə davam etdirən, qalib dövlətin müzəffər ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü gündən çiçəklənir, inkişaf edir. Biz bu müasir Azərbaycan üçün dahi rəhbər Heydər Əliyevə borcluyuq” deyə Y. Bədəlov əlavə edib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının sədr müavini Nürəddin İbrahimov dahi şəxsiyyət Heydər Əliyevin siyasi rəhbər kimi qəbul etdiyi tale yüklü qərarlardan, Azərbaycanın bütün dünyada tanınması və müstəliq bir dövlət kimi qəbul olunması üçün gördüyü işlərdən danişdı. Natiq bildirdi ki, bu gün Azərbaycanda yaradılan münbit şəraitin, istər insanların peşəkar təhsil almaları, istərsə də vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlərin ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulduğunu, bu gün də onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Sonra digər çıxış edənlər də dahi şəxsiyyətin müstəqil Azərbaycanın müasir modelinin qurulmasında, ölkəmizin iqtisadi inkişafında, dünya dövlətləri arasında öz nüfuzuna malik olmasında ümumilli liderin böyük rolundan danışdılar.
Konfransda çıxışlar arası kollecin tələbələrinin hazırladığı şerlər, rəqslər və ümumilli liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu. Kollecin tələbəsinin ifa etdiyi “Sən elə bir zirvəsən” mahnısı və eyni adlı sənədli film konfrans iştirakçıları tərəfindən böyük alqışlarla qarşılandı.