GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin tələbələri AXC-nin tarix muzeyinə ekskursiya ediblər


Post Image

28 May - Azərbaycan Demokratik Respublikasının yaranması günü ərəfəsində kollecimizin bir qrup tələbələri cümhuriyyətin o zamanlar Gəncədə yerləşən tarixi binasına ekskursiya ediblər. Əvvəlcə indiki Aqrar Universitetin baş binasında cümhuriyyət dövrünə həsr olunan guşələrlə tanış oduqdan sonra tələbələr ADR-in tarixini özündə əks etdirən muzeylə də tanış olublar. Burada həmin illərin real faktlara əsaslanan tarixi sənədlər, fotoşəkillər, o illərdə Azərbaycan ordusu və polisinin geyim formaları, pul əskinazları və digər eksponatlar maraqla qarşılanıb. Tələbələrin diqqətinə çatdırılıb ki, 1918-ci ildə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman şərqində ilk parlament respublikası Azərbaycan Xalq Cümhuriyyəti oldu. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Məmmədhəsən Hacınski və digər bir qrup ziyalılar, ilk olaraq Tiflisdə toplaşaraq may ayının 28-də Azərbaycan Demokratik Cümhiriyyətinin yaranmasını elan etdilər. İyun ayının 16-da Xalq cümhuriyyətinin paytaxtı Gəncə seçildi. Bu da heç də təsadüfi deyildi. O zamanlar Gəncədə ürəyi demokratiya ilə döyünən, beynlərində milli azadlıq hərakatının rüşeymləri olan ziyalılar var idi. 1917 –ci ilin mart ayında Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyov və digər siyasətçilər Gəncə şəhərində Türk Ədəmi-Mərkəziyyət partiyası təsis etmişdilər. Bu şəhərdə bir çox tanınmış ziyalılar bu partiya ətrafında birləşərək hələ o zamanlardan demokratik dövlətin yaranmasının təməlini qoymağa başlamışdılar. Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti.

   O zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin Parlament toplaşan binası ilə tanış olan tələbələrin diqqətinə o da çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda, Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü Gəncədə yaşandı. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldıldı. Dövlətin sosial–iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı. Hərbi nazirlik təsis edildi, Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar da Gəncədə atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü, hərbi nazirlik, hərbi zavod yaradıldı.

    Həmin illərdə Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan ordu Gəncəyə köməyə gəldi. Burada yerli Azərbaycan türklərindən ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu sonradan Bakıda Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və orada demokratik dövlətin qurulmasını təmin etmək məqsədilə döyüşlərə başladı. Bakı azad edildikdən sonra, sentyabr ayının 17-də Xalq cümhiriyyətinin paytaxtı Gəncədən Bakıya köçürülür. Bundan sonra müsəlman şərqində ilk parlament respublikası olan bir dövlət tez bir zamanda  Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində işğal olundu və Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı.

 

02.06.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024