Gəncə Tibb Kollecində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri açan Gəncə Tibb Kollecin direktor müavini Kəmalə İsmayılova çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın tərəqqi yoluna qədəm qoyduğundan danışdı və vurğuladı ki, bu ölkəmiz üçün böyük dönüşün başlanğıcı oldu:
“Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. Həmin dövrdə 1920-ci ildən dəfələrlə Azərbaycan MK-nın dəyişən rəhbərliyi 1969-cu il 14 iyul tarixinə kimi keçirdiyi böhranlı illər bir-birini əvəz edirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı” deyə K.İsmayılova əlavə etdi.
Sonra çıxış edənlər Gəncə Tibb Kollecinin Metodisti Gülşən Bağırova, İstehsalat – təcrübə rəhbəri Məlahət Musayeva, Kitabxana müdiri Ruziyə Məmmədova da 1969-1982-ci illərin Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmasından, həmin illərdə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilidi. 630 min nəfərlik yeni iş yerləri açılmasından danışdılar. Çıxışlarda o da vurğulandı ki, H. Əliyev 1975-ci ildə Bakıda Məişət Kondisionerləri zavodunun tikilməsinə nail olub. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin böyüməsi, inkişaf etməsi, yeni böyük istehsal müəssisələrinin yaradılması məhz həmin dövrlərə təsadüf edir. O illərdə minlərlə məktəb, xəstəxana, istirahət evi, kitabxana istifadəyə verildi. Həmin illərdə Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, Üzeyir Hacıbəyovun, Müslim Maqomayevin, Hüseyn Cavidin, Azərbaycan Milli Teatrının yubileylərinin qeyd olunması, 1982-ci ildə Hüseyn Cavidin nəşinin qalıqlarının İrkutks vilayətindən doğma vətəninə, Naxçıvana gətirilib dəfn edilməsi xalqın mənəvi dəyərlərinə qayğının təzahürü idi.
Natiqlər onu da qeyd etdilər ki, bu gün Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət və davamlı inkişaf strategiyası ulu öndər yolunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu Azərbaycan xalqının iradəsini ifadə edən Ali Baş Komandan İlham Əliyev təkcə müstəqil Azərbaycanın prezidenti deyil, o həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti, böyük siyasi biliyi və idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Sonda Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinə həsr edilmiş video təqdimat nümayiş edildi.