Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində iyulun 11-də rəhbər heyətinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib. Gəncə Tibb Kollecinin direktoru, Mülki müdafiə rəhbəri çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətin və MM qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsini müəyyən etmək, işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaqdır. Onun sözlərinə görə, belə məşqlər zamanı MM sahəsində normativ sənədlərin tələblərinə əməl olunması və MM idarəetmə orqanlarının fövqəladə hallar üzrə komissiyalarının fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığını yoxlamaq vacibdir. Mülki Müdafiə rəhbərinin çıxışından sonra şərti siqnal verilib və məşqin başlanması elan edilib.
Məşqin gedişində kollecin MM qərargahı rəisi Sevda Abbasovanın məruzələri dinlənilib. Bundan başqa mülki müdafiə obyektinin rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı operativ reaksiya vermə üzrə hazırlıq səviyyəsi yoxlanılıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlar təkmilləşdirilib.
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin mülki müdafiə planında nəzərdə tutulmuş tədbirlər bir daha dəqiqləşdiriləndən sonra məşqin planına uyğun olaraq, təlim vaxtında başa çatmışdır. Sonda məşqin təhlili aparılıb.
Tədbirdə Gəncə Regional Mərkəzinin Fövqəladə hallar və mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi mayor Fuad Muradov və şöbənin baş zabiti kapitan İlham Məhərrəmov da iştirak edib.