Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Sağlam gələcək üçün yaşıl dünya” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən kollecin direktoru Mehman Rzayev bildirib ki, Azərbaycan Cənubi Qafqazın lideri kimi aparıcı regional faktor kimi qlobal proseslərdə mühüm rol almaqdadır:
“Son dövrlərdə “yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaqdadır. Dünya ölkələri ekologiya sahəsində ən çətin, həssas durumlara düşən zaman Azərbaycan özünün bu sahədə beynəlxaq çağırışları, qlobal təşəbbüsləri ilə gündəmə gəlib. Bu gün də analoji hal təkrarlanmaqdadır - təsadüfi deyil ki, müasir çağırışlar bəzi nüanslar üzrə qlobal dünyadan vahid mövqe tələb edir. Bir neçə ay sonra Bakı bütün dünyanın ekoloji problemlərinin həlli yolunda mərkəzə çevriləcək. Azərbaycan COP-29-a ev sahibliyi ilə növbəti dəfə “yaşıl enerji” və “yaşıl dünya” prioritetləri ilə hamının fikrini ekoloji problemlərin həllinə yönəldəcək” deyə M. Rzayev əlavə etdi.
Sonra digər çıxış edən natiqlər qeyd etdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” müvafiq Sərəncamı da məhz bu mahiyyətə malikdir. Sabit və sakit dünya, silahsız və müharibəsiz həyat, sosial təminatı olan və ali təfəkkürə malik cəmiyyət prioritetləri kimi vacib şərtə çevrilən “yaşıl dünya” şüarı özündə sağlam gələcəyi tərənnüm etməkdədir. “Yaşıl dünya” şüarı Azərbaycanın ümumi inkişaf prosesinin ən vacib ideyalarını özündə birləşdirir. O da xüsusi vurğulandı ki, bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir.
Tədbirin sonunda “Sağlam gələcək üçün yaşıl dünya” adlı sənədli film nümayiş olunub.