“Bu gün cəmiyyətimizin ən dəhşətli bəlalarından biri də narkomaniyadır. Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılan, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilib. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir”. Bu fikirləri 26 İyun Beynəlxalq narkotiklərlə mübarizə günü ərəfəsində Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən “Narkomaniyaya yox deyək” adlı konfransda müəssisənin direktoru, əməkdar həkim Mehman Rzayev söyləyib. O vurğulayıb ki, Azərbaycanda da narkomaniya ilə mübarizə sahəsində xeyli işlər görülüb və bu “ağ ölümlə” mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir.
Çıxış edən kollecin digər həkim-müəllimləri Sevda Hüseynova, Lalə Verdiyeva, Cəvahir Qarayeva narkomaniyaya qarşı mübarizə istiqamətində dövlətimiz tərəfindən aparılan əməli işlərdən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
Tədbirin sonunda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı film nümayiş olunub.