“15 iyun vətənini, xalqını sevən insanlar üçün əsl qurtuluş tarixidir. 1993-cü ildə Azərbaycanın parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən xaos və özbaşınalığa son qoyuldu. Dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tariximizdə çox şərəfli bir ad qazandı”. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb kollecində “Müstəqilliyimizin xilaskarı” adlı konfransda tibb müəssisəsinin direktoru, Əməkdar həkim Mehman Rzayev söyləyib. Onun sözlərinə görə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Ulu Öndərin xilaskarlıq missiyası ölkəni məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoydu.
Sonra çıxış edən kollecin həkim-müəllimi Mehparə Quliyeva 15 iyunda Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınmasından, dahi şəxsiyyətin ölkəmizdə siyasi stabilliyin yaranmasından danışdı. O vurğuladı ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdi və bu gün dünyada Azərbaycanın nüfuzu daha da artmasının təməli oldu.
Çıxış edən digər natiqlər də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən müasir cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd etdilər.
Sonra kollecin tələbələrinin ifasında şerlər və bədii kompozisiyalar səsləndirildi.
Tədbirin sonunda “Müstəqilliyimizin xilaskarı” adlı film nümayiş olundu.