Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya və alternativ enerji mənbələri” adlı debat təşkil olunub. Gəncə Regional Debat Mərkəzinin əməkdaşlarının da qatıldığı tədbirdə qeyd olunub ki, Azərbaycan son illərdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli addımlar atıb.
Müzakirələr başlamamışdan öncə kollecin direktoru Mehman Rzayev iştirakçıları salamlayaraq, bu gün artıq bütün dünyanı narahat edən bir vacib problemin, iqlim dəyişikliyinin, ekoloji problemlərin və alternativ enerji mənbələrindən istifadəsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və işğaldan azad edilən torpaqlarımızın “Yaşıl enerji” zonası elan edilməsi ölkəmizin bu vacib sahəyə diqqət göstərməsi, yaşıllıqların bərpası, alternativ enerji mənbələrindən istifadənin ekoloji tarazlığın qorunmasında rolu çox əhəmiyyətlidir.
Sonra “Gəncə Regional Debat Mərkəzinin nəzdində Gəncə Tibb Kolleci debat klubunun sədri”– “Tibb bacısı-qardaşı” ixtisası üzrə I kurs tələbəsi Cansu Qasımova ölkəmizdə yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, alternativ enerji mənbələrinin qurulması və istifadəsindən danışıb: “Azərbaycanın iqlim dəyişikliyi ilə bu mübarizədə innovasiya və texnologiyaya xüsusi önəm verir. Azərbaycan xüsusilə tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışır. Bu yeniliklər, həm ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həm də bərpa olunan enerji mənbələrinin effektiv istifadəsinə imkan verir”.
Sonra Gəncə Regional Debat Mərkəzinin proqram koordinatoru Ömər Məmmədli “Yaşıl dünya və alternativ enerji mənbələri-Şimal və Cənuba körpü” mövzusu ətrafında çıxış edib. O vurğuladı ki, dünyada ekoloji tarazlığın bərpasında, flora və faunanın qorunmasında alternativ enerji mənbələrinin tətbiqi bu istiqamətdə əməli addımlar atan ölkələr arasında əlaqələrin genişlənməsində, təcrübə mübadiləsində böyük rol oynayır.
Gəncə Regional Debat Mərkəzinin təlimçi – hakimi Aysel Hacınəbiyeva “Ermənilərin törətdiyi ekoloji terror” haqqında debat iştirakşılarına məlumat verib. Qeyd edilib ki, hələ 30 il bundan qabaq, ölkəmizin 20%-dən çoxunu işğal edən ermənilər Qarabağda şəhər və kəndlərimizi dağıdıb, meşələri, bitki və heyvanlar aləmini kütləvi şəkildə məhv ediblər. Bu dövrdə atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.
Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və bir çox çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Bununla da ölkəmiz ermənilər tərəfindən ekoloji terrora məruz qalıb.
Bildirilib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə son qoyub. Artıq azad olunan ərazilərimizdə tikinti işləri ilə yanaşı kütləvi şəkildə yaşıllıqların bərpası, su hövzələrinin təmizlənməsi, flora və faunanın yenidən canlandırılmaslı həyata keçirilir.
Sonda ermənilərin törətdiyi ekoloji terrorla bağlı video film nümayiş olunub.