“Azərbaycan son illərdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli addımlar atmaqla beynəlxalq aləmdə nüfuz sahibinə çevrilir. Ölkəmizdə “Yaşıl" iqtisadiyyata keçid və “yaşıl”enerji təchizatına çevrilmək iqtisadi siyasətinin prioeitetlərindəndir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili “elan edilib və işğaldan azad edilən torpaqlarımız “Yaşıl enerji”zonası elan edilib. 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək ”Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər planı nəticəsində Azərbaycan dünyada “Yaşıl” iqtisadiyyata keçid edən inkişaf etmiş ölkələr sırasında ön cərgələrədə gedənlərdən olacaq”.
Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində keçirilən “COP-29 və Azərbaycanda “Yaşıl” iqtisadiyyata keçid” adlı konfransda kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev söyləyib. Onun sözlərinə görə, dövlətimiz öz iqlim siyasətini təkmilləşdirmək və COP 29-a ev sahibliyi etmək üçün genişmiqyaslı hazırlıqlar aparır. Azərbaycan karbon emissiyalarını azaltmaq, alternativ enerji mənbələrini inkişaf etdirmək və ekoloji dayanıqlılığı artırmaq məqsədilə bir sıra tədbirlər reallaşdırır. Bu tədbirlər arasında günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyini artırmaq üçün yeni texnologiyaların və şəhər planlamasında "yaşıl" standartların tətbiqi daxildir. Bu sahədə hər bir vətəndaşın öz töhvəsini verməli olduğunu vurğulayan Mehman Rzayev yaşıllıqların qorunmasının, yeni ağacların əkilməsi və onlara qulluq göstərilməsinin vacibliyini, iqlim dəyişikliyinə şərait yarada biləcək tullantıların və qazların atmosferə atılmasının qarşısının alınmasında mübarizə aparmalı olduğunu qeyd edib.
Konfrans “Azərbaycan və COP 29” haqqında filmin nümayişi ilə davam etdirilib.
Sonra çıxış edən kollecin həkim-müəllimi Mətanət Əliyeva 1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olmasından danışıb. O vurğulayıb ki, hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb:
“ Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara tərəfindən əməl edilməyib. Belə ki, işğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin bir daha şahidi olduq. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Bütün bunlar ekoloji terrordur. İndi Azərbaycan azad etdikləri tarixi torpaqlardan ekoloji balansı bərpa etmək üçün böyük miqyaslı işlər aparır və yaxın illərdə həmin yaşıllıqlar bərpa olunacaq”, deyə M.Əliyeva əlavə edib.
Sonra ermənilərin tarixi Azərbaycan torpaqlarında həyata keçirdikləri ekoloji terrorla bağlı film nümayiş olunub.
Digər çıxış edən məruzəçilər də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə innovasiya və texnologiyaya xüsusi önəm verməsindən, ölkəmizdə xüsusilə tullantıların idarə edilməsi, su resurslarının səmərəli istifadəsi və atmosferə atılan zərərli qazların azaldılması sahəsində yeni texnologiyaları tətbiq etməklə ekoloji dayanıqlılığı gücləndirməyə çalışdığını bildirib. Qeyd olunub ki, bu yeniliklər, həm ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həm də bərpa olunan enerji mənbələrinin effektiv istifadəsinə imkan verir. Azərbaycan hökuməti ictimai məsuliyyəti, eləcə də, təhsilin ətraf mühitin qorunmasında mühüm rol oynadığını əsas tutaraq bu sahədə müxtəlif tədbirlər həyata keçirir.