Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhfələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyevanın 101-ci ildönümü münasibətilə “Zərifə Əliyeva - Ümummilli Liderin böyük sevgisi” adlı konfrans keçirilib. Tədbirdə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıdığını, həm həkim və həm də alim kimi nümunəvi fəaliyyəti ilə fərqləndiyini, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırdığını vurğulayıb:
“Zərifə xanım eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür – gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Dahi şəxsiyyət dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Zərifə xanımın onun həyatında rolu çox böyükdür və bir siyasi rəhbər kimi daim Heydər Əliyevi dəstəkləyib”.
Tədbirdə digər çıxış edənlər də Zərifə xanımın həyat və fəaliyyətindən əsas məqamları xatırlayaraq qeyd ediblər ki, görkəmli alim özünün çoxillik fəaliyyəti dövründə neçə - neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətləri dəstək olurdu.
Çıxışlardan sonra görkəmli alim, Zərifə Əliyevanın həyat və fəaliyyətində bəhs edən sənədli film nümayiş olundu. Kollecin tələbələrinin ifasında mahnılar, şerilər səsləndirilib, rəqslər tədbirə xüsusi maraq qatdı.