Sentyabrın 26-sı Anım günü ərəfəsində, Gəncə Tibb Kollecinin rəhbərliyi, həkim-müəllim kollektivi Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan İlqar Bürcəliyevin ailəsini ziyarət edib. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev öz mübarizliyi ilə döyüşlərdə seçilən Şəhid İ. Bürcəliyevin valideynləri və əzizləri ilə söhbət zamanı vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz daim qəlblərdə yaşayır, xalqımız onların bu qəhrəmanlığını və rəşadətini heç zaman unutmur:
“Biz bütün ömrümüz böyu bu baş ucalığına və azad olunan torpaqlarımıza görə İlqar kimi oğullarımıza borcluyuq. Onlar həm torpaqlarımızı azad etməklə ermənilərə Azərbaycan xalqının mərd və mübariz olduğunu göstərdilər, həm də 1-ci Qarabağ savaşında ermənilər tərəfindən həmyerlilərimizin tökülən qanının qisasını aldılar. İndi artıq Qarabağ Azərbaycandır. Şəhidlərimiz ölməz Qəhrəmanlarımızdır. Vətən uğrunda canından keçən hər bir Azərbaycan övladı bizim ali qürur mənbəyimizdir. Biz İlqar kimi canı bahasına torpaqlarımızı azad edən mərd oğullarımızla fəxr edirik” deyə Mehman Rzayev vurğulayıb.
Şəhidin nənəsi Məleykə Bürcəliyeva, atası Vüqar Bürcəliyev, anası Elnurə Bürcəliyeva, əmisi Anar Bürcəliyev şəhid övladlarına göstərdikləri diqqətə görə Gəncə Tibb Kollecinin rəhbərliyinə minnətdarlıq bildirdilər. Onlar da qeyd etdilər ki, İlqar və onun kimi minlərlə Vətən oğullarının qəhrəmanlığı və şəhadəti sayəsində bu gün 30 il işğal altında olan torpaqlarımız azaddır. Xalqımız bu qəhrəman oğulları unutmur, daim hörmətlə anır, diqqətdə saxlayırlar.