12.07.2019-cu il tarixində Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin tədbirləri davam edir. Layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüşü layihə rəhbəri açaraq layihə haqqında məlumat vermiş, layihənin aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışmış, bu mövzuda gənclərin daha çox maariflənərək zorakılığa qarşı mübarizədə ictimai vəkillərə ehtiyac olduğunu bildirmişdir. Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aparılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsindən məlumat vermiş və verilən suallara cavab vermişdir. Vəkillərdən Səadət Seyidli, Tünzalə Vəliyeva, Rihat Məmmədov, Ramil Həsənov da çıxış edərək real vəziyyət, vəkillik etdikləri hadisələr haqqında maraqlı təhlillər apararaq gənclərə hüquqlarını öyrənməyi və ətrafda baş verən hadisələrə biganə qalmamağı tövsiyyə etdilər. Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gənclərə Ailə qanunvericiliyindən, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən məlumat vermiş, Azərbaycan Respublikasında hüquq-mühafizə sahəsində aparılmış islahatlardan və mövcud qanunvericilikdən danışmış, Cinayət Məcəlləsinə əsaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı bu maddələrə əsasən məsuliyyət daşıyacaqlarını xəbərdarlıq etmişdir. Səbuhi Abbasov həmçinin QHT-lə birlikdə aparılan maarifləndirici tədbirlər haqqında da məlumat vermişdir. Layihənin eksperti Genderəsaslı zorakılığın növlərindən danışmış, bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından danışmış, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacib olmasını qeyd etmişdir. Görüşdə istər ekspertlər, istərsə də iştirakçılar tərəfindən maraqlı təkliflər səslənmişdir. Onlardan: Vəkillərin iştirakı ilə daha geniş auditoriyada görüşlərin keçirilməsi; mənəvi-əxlaqi dəyərlərin və ailə dəyərlərinin təbliği; təbliğat işlərinə könüllülərin cəb edilməsi; KİV-də bu mövzuda təbliğatın aparılası üçün müraciət edilməsi və s. Təkliflərin hesabatda qeyd edilməsi görüş iştirakçılarının nəzərinə çatdırılmışdır.Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri də iştirak etdilər.