Sentyabrın 26-da Gəncə Tibb Kollecində Anım günü ilə əlaqədar konfrans keçirilib. Tədbirdə kollecin həkim-müəllim və tələbə kollektivi iştirak edib. Konfrans Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı.
Giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşdiyini, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlayan Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəylndən danışdı. O vurğuladı ki, rəşadətli Azərbaycan ordusu Ali baş komadanın rəhbərliyi altında 30 il erməni işğalı altında olan torpaqlarımızı azad etdi, Şəhidlərimizin qanı hesabına, əsgər və zabitlərimizin canı bahasına Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə “Zəfər” sözünü yazdılar:
“Bu gün hər birimiz alnı açıq üzü ağ, qalib ölkənin vətəndaşları kimi qəlbimizdə 30 illik niskili atmışıq. İndi artıq Qarabağ Azərbaycandır. Şəhidlərimiz Qəhrəmandır. Vətən uğrunda canından keçən hər bir Azərbaycan övladı bizim ali qürur mənbəyimizdir. İllər ötəcək, Azərbaycan günü gündən inkişaf edəcək. Bu gün öz qanları ilə tarix yazan qəhrəmanlarımız daim qəlblərimizdə yaşayacaqlar. Onların hər birinin həyatı bizim üçün örnəkdir. Şəhidlər ölmür, onlar ən ali mərtəbəyə yüksələrək qəlblərdə, tarixlərdə yaşayırlar” deyə M.Rzayev əlavə edib.
Sonra çıxış edən Gəncə Tibb Kollecinin 2-ci kurs tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Nemət Həsənov öz xatirələrindən danışdı, keçdiyi döyüş yolundan, Azərbaycanın haqq savaşında bütün xalqımızın bir yumruq ətrafında birləşərək düşmənin başının necə əzilməsindən söhbət açdı:
“Mən də 3 il bundan öncə Ali baş komandanın torpaqlarımızı erməni faşizmindən azad etmək üçün etdiyi çağırışa qoşularaq Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda döyüşə atıldım. Azərbaycan ordusu həqiqətən də bu savaşa xüsusi bir böyük həvəslə atıldı. Əlbəttə şəhidlərimiz və yaralılarımız oldu. Bütün Şəhid qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bütün qazilərimizə şəfa arzulayıram. Şəhidlərimiz, qazilərimiz olsa da bizim artıq başımız aşağı deyil. Biz 30 il düşmən işğalında olan torpaqlarımızı azad etdik. Bu gün Anım günündə bir daha bəyan edirik: “Şəhidlər ölməz, Vətən bölünməz!”.
Sonra çıxış edən kollecin 2-ci kurs tələbəsi Aysu Məmmədova 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyindən danışdı. Vurğuladı ki, ön cəbhədə igid, qəhrəman hərbiçilərimiz döyüşərək torpaqları azad etdiyi vaxtlarda arxa cəbhədə hamı orduya köməklik etməyə çalışır, sanki az da olsa öz zəhmətləri ilə orada canlarını qurban verməyə hazır olan vətən oğullarına dəstəklərini nümayiş etdirirdilər. A. Məmmədova vurğuladı ki, 44 günlük müharibənin Azərbaycanın Zəfəri ilə başa çatmasında xalqımızın bir “Dəmir Yumruq” ətrafında birləşməsi və düşmənə birgə mübarizə əziminin böyük rolu oldu.
Tədbirin sonunda “Anım Günü Zəfər aparan yol” adlı qısa metrajlı film nümayiş olundu.