GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Bilik günü qeyd olunub


Post Image

“Bu gün kollecimizdə tələbələrimiz yüksək səviyyədə təhsil almaları və tibbi biliklərə yiyələnmələri  üçün demək olar ki, bütün şəraitimiz var. Müasir tədris otaqları, tibbi laboratoriyalar, texniki avadanlıqlar ən son yenilikləri şagirdlərimizə çatdırmağa imkan verir. Bütün bu işlər ölkə başçısı Cənab İlham Əliyevin təhsilə və səhiyyəmizə olan diqqət və qayğısının nəticəsidir. Danılmaz faktdır ki, bu gün xəstəxanalarımız və poliklinikalarımız, digər tibb ocaqlarımız yenidən qurulur, əsaslı təmir olunur və ən müasir tibbi aparat və avadanlıqlarla təchiz olunur. Bundan sonra həmin tibb müəssisələrində çalışacaq savadlı həkimlər və tibb bacıları lazımdır. Dövlətimizin apardığı siyəsətin əsas məqsədi də savadlı tibb işçilərinin yetişdirilməsidir.

Bu fikirləri Bilik günü münasibətilə Gəncə Tibb Kollecində keçirilən tədbirdə təhsil müəssisəsinin direktoru Mehman Rzayev söyləyib. Direktorun sözlərinə görə günü gündən gözəlləşən və müasirləşən Gəncə Tibb Kollecində tələbələrin bilik və bacarığını inkişaf etdirmək üçün çox savadlı və qabiliyyətli müəllim kollektivi formalaşmışdır:

“Tələbələrimiz üçün lazım olan hər şəraiti yaratmağa çalışmışıq. Artıq menikenlər və təcrübə üçün lazım olan avadanlıqlarla təchiz olunmuş 3 müasir laboratoriyamız var. Daha bir laboratoriyanın yaradılması üçün  işlər görülür. Yaxın vaxtlarda tələbələrimiz üçün yüksək sürətli internet xətti və 84 noutbukla təmin olunacaq kafe-internet klubun tikintisi start götürəcək. Bundan başqa müəllim və tələbələrimizin sağlamlığının qorunması məqsədilə fitnes mərkəzi fəaliyyətə başlayacaq. Bütün bunlar sizin yüksək səviyyədə hazırlaşmanız və keyfiyyətli təhsil alaraq ölkəmizə layiqli bir vətəndaş yetişməniz üçündür əziz tələbələr” deyə Rzayev əlavə edib.

Çıxışının sonunda Mehman Rzayev tələbə adını qazanan hər kəsə uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Gəncə Tİbb Kollecinə 7 ixtisas üzrə ümumilikdə 304 tələbə qəbul olub. Onlardan 94-ü Tibb bacisi, 55-i Müalicə işi, 55-i Mamalıq işi, 25-i Laborator diaqnostika, 25-i Tibbi proflaktika, 25-i Ortopedik stomatologiya, 25-i isə Əczaçılıq işi ixtisasları üzrə təhsil alacaqlar. Bu il ali məktəbi bitirmiş  və bakalavr diplomu almış 9 tələbə ikinci ixtisas kimi subbakalavr təhsili almaq üçün Gəncə Tibb Kollecini seçmişdir.

16.09.2019  [ 14:05 ]
Bütün hüquqlar qorunur.!  ©  2024