Oktyabrin 11-də Gəncə Tibb Kollecində 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbiri ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” kəlamı ilə açan kollecin direktoru Mehman Rzayev bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. “Azərbaycanın ilk müstəqil demokratik dövlət olmaq imkanı xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Belə ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu” deyə Mehman Rzayev əlavə edib.
Kollecin direktoru qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayır və ölkədə yaranan xaos, qarşıdurma vətəndaş müharibəsi həddinə çatanda xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.
Mehman Rzayev bu gün müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayaraq cənab Prezident İlham Əliyevin dövlətimizin müstəqil və sərbəst olmasi, günü gündən inkişaf etməsi, çiçəklənməsi üçün gecə gündüz çalışdığını qeyd etdi.
Çıxış edən kollecin tələbələri Azərbaycan müstəqillik tarixinə bir daha nəzər saldılar, həmin günün əhəmiyyətindən danışdılar.
Sonda tədbir bədii hissə ilə davam etdirildi və tələbələr vətənpərvərlik mövzusunda şerlər söylədilər, mahnılar səsləndirildi.