Sentyabrın 25-də Gəncə Tibb Kollecində Anım günü ilə bağlı açıq dərs keçirilib. Mühazirədə kollecin müəllim və tələbələri iştirak edib. Çıxış edənlər 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlayan Vətən müharibəsindən söhbət açıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. O da vurğulanıb ki, Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədiblər:
“Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, onlarla hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb” deyə çıxışlarda qeyd olunub.
Mühazirədə o da vurğulanıb ki, Anım günü Azərbaycanın Zəfər yolunda atdığı uğurlu və şərəfli bir addımdır. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Ali Baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək canlarından keçməkdən belə qorxmayaraq düşmən üzərində layiqli qələbə qazanıblar. Sentyabrın 27-də Ali baş komandanın torpaqların azad edilməsi çağırışına ayağa qalxan əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində, mərd oğullarımızın qanı bahasına ordumuz qalib gəldi, 30 il işğal altında olan torpaqlarımız azad olunub.
Çıxış edənlər onu da qeyd ediblər ki, bu müharibədə şəhidlik zirvəsinə ucalan hər bir Azərbaycan övladı daim qəlblərimizdə yaşayacaq, onların ruhu həmişə xalqımızın qəlbində hörmətlə anılacaq.