GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin tələbələri QİÇS-lə bağlı maarifləndirildi


Post Image

1 dekabr- Ümumdünya QİÇS-lə  Mübarizə Günü ilə  əlaqədar noyabrın 29-da Gəncə Tibb Kollecinin akt zalında 150 tələbənin iştirakı ilə “Sağlam ol, gələcəyini düşün” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev sərhəd tanınmayan Qazanılmış İmmunçatışmazlığı Sindromuna - QİÇS-ə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın yoluxa biləcəyini, bundan qorunmaq üçün insanların maarıfləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova BMT-nin QİÇS üzrə Birləşmiş Proqramına əsasən hər il dünyada yüz minlərlə insanın bu xəstəlikdən vəfat etdiyini qeyd edib.  G. Cəfərovanın sözlərinə görə İnsanın İmmun Çatışmazlığı Virusu və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) insanla doğulan və ona xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Həkim bu dəhşətli bəlanın yayılmasında narkomaniyanın, qeyri-sağlam həyat tərzinın, antisanitariyanın, natəmizliyin, qorunmayan cinsi münasibətlərin mühüm rol oynadığını vurğulayıb.

Konfransda o da qeyd olunub ki, ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan gənclər arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

29.11.2019  [ 17:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024