9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Gəncədə “Bayraq yürüşü” keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman baş idarəsinin birgə təşkilatçılğı ilə keçirilən tədbirdə Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanında yürüş edib.
Yürüşdə “N” saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı hərbi orkestrin müşaiyyəti ilə Bayraq meydanına gətirilib. Həmçinin burada şer və musiqi sədaları altında “Gənc Şahinlərin” təntənəli keçidi izlənilib. Bayraq meydanında təşkil olunan bayram tədbirində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti və tələbələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dövlət bayrağı ilə bağlı ilk qərar Gəncədə verilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin 21 iyununda hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təstiq edilib. 1918-ci ilin noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilib.
Qərarda deyilir: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.
Prezident İham Əliyev 2009-cu ilin noyabr ayının 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabr tarixi – Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bildirək ki, tədbirin keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.