GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “ƏSRİN MÜQAVİLƏSİ” Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır! Adlı konfrans keçirildi


Post Image

Sentyabrın 22-də Gəncə Tibb Kollecində “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünə həsr olunan “ƏSRİN MÜQAVİLƏSİ” Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır! Adlı konfrans keçirilib.        Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Sonra çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev 29 il əvvələ nəzər salaraq həmin dönəmdə bu tarixi müqavilənin imzalanmasının Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rolundan danışaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticələrindən söhbət açdı:

“Bu gün həm iqtisadi və siyasi baxımdan, həm hərbi sahədə, sosial rifahın yüksəlməsi və vətəndaşların maddi rifahının yüksəldilməsi baxımından “Əsrin müqaviləsi” adlanan neft müqavilələri Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında mövqe qazanmasına böyük dəstək və yardımçı oldu. Məhz Heydər Əliyevin səyi nəticəsində regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması regionda, eləcə də dünyada qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006 və 2007-ci illərdə istifadəyə verilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadı. Bununla da ölkəmiz böyük dövlətlər sırasında söz sahibinə çevrildi” deyə M. Rzayev vurğuladı.

   Kollecin direktoru 44 günlük Vətən müharibəsində qazanılan zəfərin və bu ilin sentyabrın 19-da Qarabağda toplanmış erməni silahlı birləşmələrinə qarşı keçirilən uğurlu anti terror əməliyyatının da keçirilməsi üçün qüdrətli və hər tərəfli təmin olunmuş ordunun yaradılmasında “Əsrin müqaviləsi”nın yaratdığı iqtisadi imkanlardan danışdı. M. Rzayev Ali baş komandan İlham Əliyevin və rəşadətli ordumuzun, xalqımızın “Dəmir Yumruq” ətrafında birləşərək torpaqlarımızın erməni faşistlərindən azad edilməsini tariximizə qızıl hərflərlə yazılan Zəfər adlandıraraq Azərbaycanın bundan sonra inkişaf edəcəyini bildirdi.

     Sonra çıxış edən kollecin veteran müəllimi, I Qarabağ müharibəsi iştirakçısı Məhəbbət İskəndərov çıxış edərək bu günkü qüdrətli və güclü Azərbaycanın formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolundan danışdı, dahi şəxsiyyətin inadlı təkidi, uzaqgörənliyi sayəsində böyük neft müqaviləsinin imzalanmasının ölkə iqtisadiyyatının dirçəlməsində töhfələrindən söhbət açdı. O vurğuladı ki, həmin illərdə “Əsrin müqaviləsi” imzalanmasaydı nə davamlı inkişaf edən Azərbaycan olacaqdı, nə qüdrətli ordu:

“Bu gün torpaqlarımızın azad olunması ali baş komandanın və rəşadətli ordumuzun, mərd və qorxmaz hərbiçilərimizin zəhmətidir. Torpaq uğrunda canından keçən şəhidlərimizin hesabına qələbə çaldıq. Lakin onu da qeyd etmək lazımdır ki, bütün bu qüdrətin və inkişafın, hər tərəfli təmin olunan ordunun yaradılmasının arxasında uzaqgörən rəhbər və “Əsrin müqaviləsi”  nəticəsində ölkəmizin iqtisadi inkişafı dayanır” deyə M. İsgəndərov əlavə edib.

   Konfransda digər çıxış edənlər də bu tarixi hadisənin Azərbaycanın bir dövlət kimi formalaşmasında rolundan, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf edən dövlətlər sırasında öz mövqeyindən danışdılar.

Sonda “ƏSRİN MÜQAVİLƏSİ” Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır! adlı film nümayiş olundu.

 

22.09.2023  [ 15:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024