Noyabrın 8-də Gəncə Tibb Kollecində Bayraq günü münasibətilə tədbir keçirilib. Kollecin rəhbərliyinin, müəllimlərin və tələbələrin, eləcə də şəhər ictimaiyyətnin nümayəndələrinin də qatıldığı tədbirdə vətənpərvərlik mövzusunda cıxışlar edilib, Bayraq günün yaranma tarixi və təsis edilməsi vurğulanıb.
Tədbirdə vurğulanıb ki, bu il oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq ona layiqli cavab vermişdi:
“Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Ölkə Prezidenti İlham Əliyevin cıxışına dəstək olaraq, Bayraq günündə Gəncə Tibb Kollecinin tələbə heyəti “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı flaşmöb hazırlayib və ictimaiyyətə təqdim edib. Yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır! ” şüarlarını səsləndiriblər, vətənə məhəbbət, torpağa sevgi mövzularında hazırladıqları şer və mahnıları ilə böyük coşqu yaradıblar.
Tədbirdə kollecin direktoru Mehman Rzayev, həkim-müəllim heyəti, eləcə də Gəncə şəhər Gənclər və idman Baş İdarəsinin Gənclərlə İş Sektorunun müdiri Rəşad Əlizadə və digər qonaqlar iştirak ediblər.