Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı 2019-cu ildə uğurlu fəaliyyətinə görə ölkə üzrə ali təhsil müəssisələri və kolleclər arasında “İLİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI” nominasiyasına layıq görülüb.
Dekabrın 28-də Elektra Events Hall-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 10 illik fəaliyyəti münasibətilə yubiley tədbiri keçirilib. Rəsmi və əyləncəli hissələrdən ibarət yubiley tədbirində 3000-dən çox tələbə, habelə təhsil müəssisələrinin rəhbərliyi, bir sıra dövlət rəsmiləri iştirak edib.
Tədbir ATGTİ-nin 10 illik fəaliyyətini əks etdirən hesabat və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti haqqında video-çarxların nümayişi ilə başlayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ATGTİ-ni 10 illik yubileyi münasibətilə təbrik edərək, gənclər siyasətinin həyata keçirilməsində ATGTİ-nin oynadığı rolun əhəmiyyətindən danışıb, İttifaqın tələbə hərəkatının inkişafında gördüyü işlərin əhəmiyyətli olduğunu vurğulayıblar. Çıxış edənlər həmçinin, tələbələri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib, onları hər zaman Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini və azərbaycançılıq məfkurəsini fəaliyyətlərində rəhbər tutmağa, fəal olmağa, mütərəqqi, innovativ ideyaları mənimsəməyə çağırıblar.
Daha sonra ATGTİ-nin sədri Faiq Məmmədov ATGTİ-nin yeni loqosu və himnini tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, ötən 10 il ərzində ATGTİ böyük bir inkişaf yolu keçərək, hazırda demək olar ki, ölkəmizdəki bütün ali təhsil və orta ixtisas müəssisələrindəki tələbə-gənclər təşkilatlarını birləşdirir. Bugün tələbə hərəkatını və gəncliyi ATGTİ-siz düşünmək mümkün deyil. Təkcə 2019-cu il ərzində ATGTİ 70-dək tədbirlərə təşkilatçılıq edib, tələbələrlə iş sahəsində müxtəlif innovativ yanaşmalar tətbiq edilib, təhsil müəssisələrində TGT sədrlərinin daha şəffaf mühitdə seçkiləri təşkil olunub. Mediada və sosial şəbəkələrdə ATGTİ izləyicilərinin sayı durmadan artır.
Bütün ATGTİ ailəsini 10 illik yubiley münasibətilə təbrik edən ATGTİ sədri daim gənclərin yanında olduğuna görə, ölkədə tələbələr və gənclər üçün münbit şərait, sağlam gənclər mühiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə Azərbaycan gəncliyi adından təşəkkür edib.
Tədbirin davamında ATGTİ ilə sıx əməkdaşlıq edən dövlət və qeyri-hökümət təşkilatları, təhsil müəssisələrinin rəhbərliyi, televiziya kanalları və xəbər saytları təltif olunublar.
Gəncə Tibb Kolleci növbəti uğura imza atıb