Dekabrın 19-da Gəncə Tibb Kollecində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar toplantı keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, struktur və idarə rəhbərləri, habelə kollecin tələbələri iştirak edib. Toplantı dahi mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Sonra giriş sözü ilə tədbiri açan Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsinin dahi Azərbaycan şairinə, onun yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu vurğulayıb.
Digər çıxış edənlər də Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil etdiyini qeyd edib. Çıxışlarda o da bildirilib ki, dahi şair, ana dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaradıb. Bununla da İmadəddin Nəsimi, XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verən şairlərimizdən olduğu diqqətə çatdırılıb.
Çıxışdan sonra Gəncə Tibb Kollecinin tələbələri tərəfindən təşkil olunan kompozisiya təqdim edilib. Tələbələrin ifasında Nəsiminin qəzəllərindən nümunələr həm ana dilimizdə, həm ingilis dilində səsləndirilib.
Gəncə Tibb Kollecində Nəsiminin 650 illiyinə həsr edilən tədbir keçirilib