Dekabrın 11-də Gəncə Tibb Kollecində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı "Əbədi yaşar Ulu Öndər " adlı anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mehman Rzayev müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində göstərdiyi xidmətlərindən bəhs edib, bu gün inkişaf etmiş Azərbaycanı ümummilli liderin şah əsəri adlandırmışdır.
Mehman Rzayev çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və zəhməti olmuşdur:
“Azərbaycanın bu gün bütün dünyada inkişaf etmiş bir dövlət kimi tanınmasında, azərbaycançılıq ideyalarının gələcək nəsillərə ötürülməsində bir lider kimi, bir rəhbər kimi Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi var idi. Azərbaycan xalqı artıq 16 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin siyasi xətti ətrafında daha sıx birlik nümayiş etdirir və bu dahi şəxsiyyətin ideyalarının layıqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha müasir Azərbaycanın qurulacağına inanır”deyə Mehman Rzayev əlavə edib.
Sonra çıxış edənlər ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi töhfələrdən danışdılar.
Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq haqqı qazanmış Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.