GƏNCƏ TİBB KOLLECİ

Kollecin tələbələri “Çempion” əyləncəli idman oyunlarında komandalara azarkeşlik ediblər


Post Image

Dekabrın 8-də "Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsinə  “Ata, ana və mən - idman ailəsiyik” devizi altında keçirilən “Çempion” ailəvi idman oyunları ilə yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yekun tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşıb.

“Çempion” əyləncəli idman oyunları üzrə yarışlar 2 mərhələdə keçirilib. Maraqlı və rəngarəng yarışmanı izləyənlər arasında Gəncə Tibb Kollecinin bir qrup tələbəsi də olub. Onlar komandaları qələbəyə ruhlandırmaqla öz dəstəklərini nümayiş etdiriblər.

I mərhələ hər biri 4 komanda (8 ailə) olmaqla qrup oyunlarından, II mərhələ isə final oyunlarından ibarət olub .Qrup oyunlarında qalib gələn 2 komanda (4 ailə) finala vəsiqə qazanıb. Finalda Gəncə, Göygöl, Bərdə və Qazax komandaları mübarizə aparıblar. Keçirilən oyunları Təşkilat Komitəsinin təyin etdiyi hakimlər edarə edib. Komandaların qiymətləndirilməsi isə münsiflər heyəti tərəfindən həyata keçirilib. Gərgin mübarizə nəticəsində Gəncə komandası birincilik əldə edib.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Çempion” əyləncəli idman oyunlarının təşkilində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının təmin edilməsidir.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov,Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova, idmançılar və KİV nümayəndələri iştirak ediblər.

 

09.12.2019  [ 10:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024