Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əhatə etdiyi ümumtəhsil orta məktəblərinin 2, 5 və 6-cı siniflərinin rəhbərləri üçün kurs məşğələləri keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Gəncə şöbəsinin akt zalında 500 nəfər müəllim üçün təşkil edilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim- müəllim heyəti də iştirak edib, ilk tibbi yardım və fövqəladə hallar zamanı göstərilə biləcək ilk yardım barədə məlumatlar vermişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə hazırlığı şöbəsinin rəisi mayor Rauf Abbasov ilk olaraq əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması istiqamətində aparılmalı olan işlərdən, o cümlədən hər bir vətəndaşın fövqəladə hallar zamanı həyata keçirə biləcək ilkin tibbi yardımı bilməsinin vacibliyindən danışdı.
Polkovnik-leytenant Bəhayi Nəsirov isə FHN-nin əhalinin mühafizəsində rolu, Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolunun böyük olduğunu vurğuladı. O fövqəladə hallar zamanı fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə geniş izah verib və bu zaman düzgün davranış qaydalarını göstərib.
Tədbirdə söz alan Gəncə Tibb Kollecinin Mülki Müdafiə qərargah Mühəndisi Sevda Abbasova FHN-nin Gəncə regional mərkəzi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin səmərəli əməkdaşlığından söhbət açaraq bu işdə Gəncə Regional Mərkəzinin rəisi Polkovnik-leytenant Kənan Aşurovun və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevin əməyini xüsusi vurğulamışdır. S. Abbasova bundan öncə də dəfələrlə FHN-nin Gəncə regional mərkəzinin maarifləndirici tədbirlərində iştirak etdiyini qeyd etmişdir.
Sonra Türkiyədə və Bakıda kurs keçmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim-müəllimləri Mehparə Quliyeva və Sveta Əzimova İlk Tibbi Yardım zamanı Epileptik tutmalar, Zəhərlənmələr, Cərəyanvurma, Travmalar, Qanaxmalar, Yanıqlar , CPR tədbirləri - Təməl həyat dəstəyi haqqında məlumatlar verib və iştirakçılara bütün prosesləri robotlar üzərində əyani olaraq göstəriblər. Həkimlərimizin geniş izahı auditoriyanın tam marağına səbəb olub və onları maraqlandıran sual-cavablar edilmişdir.
Sonda Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin Mülki müdafiə mühəndisi Sevda Abbasova, Həkim-müəllimləri Mehparə Quliyeva və Sveta Əzimovaya təşəkkürnamələr təqdim edilmişdir.