Gələn il özünün 90 illiyini qeyd edəcək Gəncə Tibb Kolleci ötən müddət ərzində şərəfli yol keçmişdir. Kollecin hazırladığı orta tibb kadrları indi respublikamızın səhiyyə ocaqlarında əhalinin sağlamlığı keşiyində dayanaraq öz şərəfli missiyalarını uğurla yerinə yetirirlər. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bu təhsil ocağı da yeni inkişaf dövrünə qədəm qoymuş və səhiyyənin müxtəlif sahələrini ixtisaslı orta tibb kadrları ilə təmin etməklə üzərinə düşən vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.
Ötən dövr ərzində görülən işlərə nəzər salmaq və qarşıda duran vəzifələrin yerinə yetirilməsi vəziyyəti ilə yaxından tanış olmaq üçün kollecdə olduq. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev son bir neçə ildə burada görülən işlərdən danışdı. Məlum oldu ki, kollec tamamilə yenidən qurulub. Binalar əsaslı şəkildə təmir edilib. Uzun illər bərbad vəziyyətdə olan binaların dam örtüyü dəyişdirilib, qapı-pəncərələr təzələnib, tədris otaqları yenidən qurularaq lazımi inventarla təmin edilib.
Kollecdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, 80 tonluq yeraltı su anbarı tikilmişdir. Kollecin həyətində idman meydançası yaradılmış, yaşıllıq sahəsi genişləndirilmişdir. Əvvəllər bərbad vəziyyətdə olan laboratoriyalar tamamilə yenidən qurularaq müasir tədris avadanlıqları, smart lövhələrlə təmin edilmişdir. Təhsil müəssisəsində 30 minə yaxın fondu olan elektron kitabxana tələbələrin ixtiyarına verilmişdir. Cari ildən ilk dəfə olaraq ortopedik stomatologiya, diaqnostik laboratoriya və profilaktik tibb bacısı ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına başlanılmışdır.
Gəncə Tibb Kolleci 1931-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının qərarı ilə ilk orta ixtisas tibb politexnikumu kimi yaradılmışdır. Sonradan feldşer-mama məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Baza Tibb Məktəbi, 1989-cu ildən Gəncə Tibb Məktəbi, 2010-cu ilin iyun ayından isə Gəncə Tibb Kolleci adlandırılmışdır. Kollec dövlət statuslu təhsil müəssisəsidir. Burada müalicə işi, mamalıq işi, tibbi profilaktika, laborator diaqnostika, ortopedik stomatologiya, əczaçılıq və tibb bacısının işi ixtisasları üzrə kadrlar hazırlanır. Kollecdə 730 nəfər tələbə təhsil alır və onlara 88 nəfər təcrübəli müəllim dərs deyir. Fəaliyyət göstərdiyi 90 ildə burada respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlanmışdır. Bundan başqa, kollecdə orta təhsilli tibb işçiləri üçün ixtisasartırma və təkmilləşdirmə kursları fəaliyyət göstərir.
Kollecdə demək olar ki, tədris prosesi müasirləşdirilib. Belə ki, müəllimlər tərəfindən 7 ixtisas və tədris olunan 76 fənn üzrə mühazirə və təcrübə mövzuları kompüterin yaddaşına yazılıb və CD disklərə köçürülüb tələbələrin istifadəsinə verilib. Mühazirələr tədricən təzələnərək müasir elmi yeniliklər, illüstrasiya, o cümlədən hərəkətli görünüşlərlə zənginləşdirilib. Dərs vəsaitlərindən və CD disklərindən nəinki tələbələr, hətta səhiyyə sahəsində çalışan orta tibb işçiləri də istifadə edirlər. Tətbiq olunan sürətli internet vasitəsilə müəllimlər və tələbələr müxtəlif ölkələrin təcrübəsi barədə də məlumat əldə edə bilirlər.
Kollecdə maddi-texniki baza daim möhkəmləndirilir. İxtisas fənləri üzrə təcrübə dərsləri təkcə kollecin kabinet və laboratoriyalarında deyil, Səhiyyə Nazirliyinin əmri ilə kollecin tədris bazası sayılan bir sıra klinik xəstəxanalarda, doğum evlərində də tədris olunur.
Hazırda bütün dunyanı bürümüş pandemiya Azərbaycanda da hökm sürür. Dövlət başçısının diqqət və qayğısı ilə bu dəhşətli virusdan qorunmaq və yoluxmanın minumuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Qərargahın təhsil müəssisələrinin fəaliyyətinə qoyduğu məhdudiyyətlə əlaqədar Gəncə Tibb Kollecində də tələbələr üçün tədris prosesi onlayn formada təşkil olunmuşdur. İxtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlər tərəfindən onlayn dərslər keçirilmiş, hətta yaz imtahanlarının sualları bütün tələbələrə internet vasitəsilə çatdırılmışdır. Onlara imtahanlara hazırlaşmaq üçün lazım olan hər cür şərait yaradılmışdır. İmtahanların gedişinə kollecin rəhbərliyi xüsusi nəzarət etmişdir. Bundan başqa, hər hansı texniki səbəbdən distant təhsildən kənarda qalan tələbələr üçün əlavə imtahanlar da təşkil olunmuşdur.
İmtahanların şəffaflığı üçün isə bir çox tədbirlər həyata keçirilmişdir. Onlardan biri kollec rəhbərliyinin imtahan dövründə tələbələrlə onlayn görüş keçirməsidir. Bu görüşlər zamanı tələbələrin qaldırdıqları məsələlər kollec rəhbərliyinin iştirakı ilə müzakirə olunmuş və öz həllini tapması üçün tədbirlər görülmüşdür. Nəzərə alınsa ki, kollec tələbələrinin çox hissəsi Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayır və bəzi regionlarda internet üzərindən bağlantılarda bəzi çətinliklər yaranır, belə problemlərin həlli üçün də çıxış yolları müəyyənləşdirilmişdir. Məsələn, bəzi fənlər üzrə onlayn ictimai dərslər yenidən tədris olunmuş və növbəti onlayn imtahanlar keçirilmişdir.
Gələn il kollecin fəaliyyətə başlamasının 90 ili tamam olacaq. Kollektiv yubileyi işdə qazandıqları uğurlarla qeyd etmək üçün bütün qüvvələrini səfərbər etmişdir. İstər müəllimlər, istərsə də tələbələr bu qocaman təhsil ocağının yubileyini layiqli göstəricilərlə qarşılamağı qarşılarına məqsəd qoymuşlar.
Sabir ƏLİYEV,
"Azərbaycan”
İstinad : Azərbaycan qəzeti