GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində yaz semestrinin imtahanları onlayn keçirilir


Post Image

Gəncə Tibb Kollecində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn qaydada keçirilməyə başlayıb. Bu barədə məlumatı kollecin direktoru, əməkdar həkim Mehman Rzayev verib. Onun sözlərinə görə tədris müəssisəsində təhsil alan tələbələr iyun ayının 8-dən etibarən yaz imtahan sessiyası çərçivəsində onlayn qaydada şifahi şəkildə imtahan verirlər.

“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə əlaqədar Gəncə Tibb Kollecində tələbələr üçün tədris prosesi onlayn formada təşkil olunmuşdur. İxtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər keçirilib. İmtahanların sualları bütün tələbələrimizə internet vasitəsilə çatdırılıb. Bildiyiniz kimi Gəncə Tibb Kollecinin elektron kitabxanası da mövcuddur. Tələbələrimiz internet üzərindən xüsusi şifrə ilə həmin kitabxanadan istifadə edərək onlayn şəkildə imtahanlara hazırlaşmaq imkanları var. Müəllimlərimiz tərəfindən onlayn imtahanlara hazırlaşmaq üçün tələbələrə lazımı şərait yaradılıb, bəzi güzəştlər edilib. Ümidvaram ki, bu çətin bir dönəmdə tələbələrimiz onlara yaradılan bu yüksək şəraitdən bəhrələnə biləcəklər” deyə Mehman Rzayev bildirib.

Kollecin direktorunun sözlərinə görə yaz sessiyasında müxtəlif ixtisaslar üzrə ümumilikdə 590 tələbə onlayn imtahanlarda iştirak edir:

“Bütün tələbələr ayrı-ayrı ixtisaslar üzrə bir neçə imtahanda iştirak ediblər. Kollecimizdə onlayn imtahanın keçirilməsində hər ixtisas üzrə bir müəllim, iki komissiya üzvü və bir informasiya texnologiyaları üzrə mütəxəssis olmaqla 4 nəfərdən ibarət komanda çalışır. İmtahan keçirilən kabinet  ağıllı smart lövhələrlə, yüksək sürətli internetlə və digər əlaqə üçün lazım olan avadanlıqlarla təchiz olunub. Bütün bu imkanlar onlayn imtahanların yüksək səviyyədə keçirilməsinə imkan verir” deyə Gəncə Tibb Kollecinin direktoru əlavə edib.
 
Mehman Rzayev qeyd edib ki, imtahanın gedişinə kollecin rəhbərliyi xüsusi nəzarət edir. Əgər tələbələrdən kimsə imtahanın gedişatından narazılığı olarsa, hər hansı anlaşılmazlıq yaranarsa kollecdə yaradılan imtahan qərargahına müraciət edə bilər:

“Biz tələbələrimiz üçün maksimum şərait yaratmağa çalışmışıq. Onların bu çətin bir şəraitdə təhsildən geri qalmamaları, proqram üzrə bütün dərsləri mənimsəyə bilmələri üçün lazımı köməklik göstərmişik. Hər hansı bir texniki səbəbdən distant təhsildən kənar qalan tələbələrimiz üçün əlavə olaraq imtahan təşkil olunacaq. Bunu da nəzərə alaq ki, bu qaydada tədris və imtahan həm müəllim heyəti, həm də tələbələrimiz üçün bir ilkdir. Buna görə də hər imtahana daha da təkminləşdirmə aparmağa çalışırıq. Ümidvaram ki, bu özünü imtahanların ümumi nəticəsində göstərəcək. Tələbələrimizə müvəfəqqiyyətlər arzulayıram” deyə Mehman Rzayev bildirib.


Yaz semestrinin imtahanları onlayn keçirilir

11.06.2020  [ 16:05 ]
Bütün hüquqlar qorunur.!  ©  2024