Mayın 22- 23 taixlərində Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən beynəlxalq videokonfrans keçirilib.
Onlayn konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Gəncə şəhər İHB-nin birinci müavini Səməd Tomuyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türkiyənin tanınmış Haber Global xəbər kanalının rəhbəri Məmməd Gülməmmədov, Yoga Shahi Mərkəzinin təsisçisi Sabina Shahi və Selcuk Universitetinin Turizm fakültəsinin dekanı Necmi Uyanık, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev, Azərbaycan Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Azərbaycan Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Vəkil Zemfira Alıyeva və bir çox təhsil müəssisələrinin gənclər təşkilatının sədrləri iştirak ediblər.
Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də reallaşdırılan genişmiqyaslı sosial dəstək tədbirlərinin bir çox ölkələr üçün nümunə olmasından, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda, pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzusuna çevrilib.
Video konfransda çıxış edən Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev son illər Azərbaycan təhsilində aparılan islahatlardan danışaraq dövlət başçısının tibb sahəsinə, bu sahədə elmi biliklərin artırılması üçün beynəlxalq təcrübələrdən yararlanmasına böyük diqqət yetirildiyini vurğulayıb. Direktor Gəncə Tibb Kollecində aparılan əsaslı təmir işlərindən, tələbələr üçün yaradılan münbit şəraitdən danışaraq elektron kitabxana, ağıllı elektron lövhələr, müasir tibbi ləvazimatlarla təchiz olunmuş dərs otaqlarından danışıb. Bu gün mövcud şəraiti öncədən qiymətləndirən Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə kollecdə Laborator diaqnostika və Tibbi profilaktika ixtisaslarının yaradılmasını xüsusi vurğulayan M.Rzayev bu ixtisaslarda yaxşı mütəxəssislərin yetişdirilməsini yüksən qiymətləndirdi:
“Bu gün qərb regionunda, eləcə də ölkəmizin digər bölgələrində peşəkar ixtisaslaşmış tibb işçilərinə böyük ehtiyac var. Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütün bölgələrində yüksək səviyyədə təmin olunmuş tibb müəssisələri fəaliyyət göstərir. Bizim əsas məqsədimiz həmin tibb ocaqlarını peşəkarlarla təmin etməkdir. Buna görə də kollecimiz pandemiya dövründə digər təhsil müəssisələri kimi fəaliyyətini onlayn olaraq davam etdirmişdir. Demək olar ki, bütün qruplar üzrə bütün fənnlər onlayn şəkildə tədris olunmuşdur. Bu məsələdə bizim elektron kitabxanamız tələbələrə çox yardımçı olmuşdur” deyə Mehman Rzayev əlavə etmişdir.
Onlayn konfransda iqtisadi böhranın, koronavirus pandemiyasının ekologiyaya, ətraf mühitə və turizmə təsirlərinə də nəzər salınıb, tövsiyələr dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.