Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun da qatıldığı bu bu zirvə toplantısında ölkə başçımız çıxış edərək Azərbaycanda pandemiyaya qarşı görülən çevik və adekvat tədbirlər nəticəsində koronavirusun nəzarətdə saxlanılması, ona qarşı effektli mübarizə və müalicə üsulları ilə yanaşı, pandemiya nəticəsində yaranan problemlərdən vətəndaşlarımızın az itki ilə çıxması üçün mühüm sosial, iqtisadi addımlar haqqında da məlumat verdi, istənilən dövlət ilə öz uğurlu təcrübələri bölüşməyə, bu sahədə əməkdaşlıq etməyə hazır olduqlarını vurğuladı.
Konfransda BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandeyi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun, Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və digər hərəkat üzvlüyünə dövlətlərin rəsmiləri çıxışlar etdilər. Video konfrans zamanı əsas müzakirə mövzüsü pandemiya dövründə dövlərlər arasında sıx əməkdaşlıq, eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərin birləşdirilməsi olub.
Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi ölkəmizin proseslərə təsiretmək və onları yönləndirmək qabiliyyətinə necə ustalıqla malik olduğunu göstərdi. Azərbaycan öz sədrliyi dövründə bu qurumun tarixində ilk dəfə videokonfrans keçirməklə bir daha sübut etdi ki, üzvü və rəhbəri olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətinə yeniliklər gətirir, beynəlxalq təşkilatların işini və strukturunu təkmilləşdirir, yaradıcı və mütərəqqi yanaşma ortaya qoyur.