Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərdən biri də sosial izolyasiyadır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə bağlı müvafiq göstərişindən sonra Gəncə Tibb Kollecində də tədris dayandırılıb. Dərslərin müvəqqəti dayandırıldığını nəzərə alınaraq Kollecin tələbələri üçün tədris prosesi onlayn formada təşkil olunmuşdur. Bu barədə məlumatı Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev verib. Onun sözlərinə görə tibb müəssisəsinin tələbələri təhsilini “EVDƏ QAL TƏHSİLDƏN QALMA” formatlnda davam etdirir.
“Hazırda bütün ixtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər təşkil olunub. Çalışmışıq ki, bütün tələbələr bu dərslərdə müntəzəm iştirak etsinlər. Bildiyiniz kimi Gəncə Tibb Kollecinin elektron kitabxanası da mövcuddur. Onlar internet üzərindən xüsusi şifrə ilə həmin kitabxanadan istifadə edərək onlayn dərslərə hazırlaşa bilirlər” deyə Mehman Rzayev əlavə edib.