Gəncə Tibb Kollecində “26 fevral - Xocalı soyqırımı”nın 28-ci ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən kollecin müəllimi, Qarabağ qazisi Məhəbbət İsgəndərov bildirdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir.
“Bizim gənclərimiz erməni faşıstlərinin həmvətənlilərimizə qarşı törətdikləri vandalızml heç vaxt unutmamalıdırlar və bütün müasir imkanlardan istifadə edərək Xocalı dəhşətinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar” deyə M. İskəndərov əlavə edib.
O dəhşətli gecənin acı həqiqətləri barədə digər natiqlərdə çıxışlar etdikdən sonra Gəncə Tibb Kollecinin müəllim və tələbələri tərəfindən hazırlanmış Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə vurğulandı ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Sonda kollrcin tələbələrinin iştirakı ilə səhnələşdirilmiş müxtəlif kompozisiyalar, şerlər təqdim olundu.