GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin rəhbərliyi “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı elmi – praktik konfransda iştirak edib


Post Image

Oktyabrın 19-da Gəncədə Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi – praktik konfrans təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Musa Quliyev, Qərbi Azərbaycan İcmasının Gəncə təşkilatının rəhbəri Mübariz Yusifov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, kollecin həkim-müəllim heyəti, digər idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx  nümayiş olunub.

  Konfransda çıxış edən Niyazi Bayramov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim diqqətdə saxlayıb. Şəhər rəhbəri mövzunun aktuallığına toxunaraq bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini vurğulayıb. Niyazi Bayramov   ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini də qeyd edib.

    Zaur Məmmədov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. O, “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir : Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda geniş çıxış edib.

   Konfransda çıxış edən natiqlər Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyətindən,  Azərbaycan torpaqlarının qeyri – qanuni şəkildə ermənilərə verilməsindən, qayıdış prosesində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıblar. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı xatirələrindən və azərbaycanlıların deportasiyası vaxtı erməni milliyyətçilərinin vandallıqlarından bəhs olunub.

    Konfransda həmçinin, “Qərbi Azərbaycan : tarixi – siyasi aspektlər” adlı məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib. 

   Sonda xatirə şəkli çəkdirlib.

19.10.2023  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024