GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin tələbələri turizm sahəsində sahibkarlıq imkanları, karyera üzrə biliklərlə bağlı təşkil olunan tədbirə qatıldı


Post Image

Gəncə Tibb Kollecinin tələbələri fevralın 4-7-si tarixlərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsi çərçivəsində Gəncədə təşkil olunan işgüzar inkişaf təlimlərdə iştirak edib.  Tədbirin əsas məqsədi  Gəncə, həmçinin ətraf ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları, karyera üzrə biliklərin çatdırılması olub. Bağlanış mərasimində təlim modullarını uğurla bitirən 200-ə yaxın iştirakçıya sertifikatlar təqdim verilib. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, AIM-W 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusunun təbliğ olunmasına həsr edəcək.

 Tədbirdə şıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə iddialı layihələrin olduğunu bildirib:

“Buradakı qadınlar bizim layihədə ilk dəfə iştirak etsə də, çox yaxşı və tutarlı ideyalar təqdim etdilər. Biz təlimçilərimizlə birgə həmin ideyaları layihə və iş planı halına gətirdik. Tezliklə həmin layihələrin icrasını görəcəyik. Daim mentor dəstəyimiz xanımlarımızın yanında olmağa çalışacağıq” deyə Sahil Məmmədli əlavə edib.

Bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova çıxış edərək qadınların işgüzar inkişafı  üçün bu tip layihələrin önəmindən danışıb, qadınların dövlətin və cəmiyyətin həyatındakı rolunu xüsusi vurğulayıb.
Tədbirdə iştirakçılara “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tərəfindən “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim edilən xidmətlər, yaradılmış brendlər haqqında məlumatlar verilib.

“ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) layihəsi Gəncə ilə yanaşı Mingəçevir, Qəbələ, Quba, Sumqayıt və Şəki iqtisadi zonalarını əhatə edir. Layihə çərçivəsində həmin ərazilərdə yaşayan qadın və qızlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçiriləcək. Təlimdən sonra da təlimçilər iştirakçılara mentorluq edəcək, onların ideyalarına dəstək olacaqlar.

 

05.02.2020  [ 14:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024